Avropa 2025-ci ildə iqlim böhranını sərt şəkildə yaşayıb



Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzi (ECMWF) və Ümumdünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən yayımlanan "Avropa İqlim Vəziyyəti 2025" hesabatına görə, ötən il qitənin demək olar ki, tamamında temperatur qlobal ortalamadan yüksək qeydə alınıb.

AFN.az xəbər verir ki, təxminən 100 elm adamının töhfəsi ilə hazırlanan hesabatda Avropa qitəsinin dünyanın ən sürətlə isinən bölgəsi olmağa davam etdiyi vurğulanıb. Sənəddə Avropanın ən azı 95 faizində illik temperaturun normadan yüksək olduğu, qitədəki bütün buzlaq bölgələrində isə xalis kütlə itkisinin yaşandığı diqqətə çatdırılıb. İslandiyada qeydlər aparılmağa başlandığı vaxtdan bu yana ikinci ən böyük buzlaq itkisinin görüldüyü, Qrenlandiya buz təbəqəsinin isə 139 milyard ton buz itirdiyi qeyd olunub ki, bu miqdar Avropa Alplarındakı bütün buzlaqların ümumi həcmindən təxminən 1,5 dəfə çoxdur.

Dənizlərdə də temperatur rekordlarının qırıldığı hesabatda Avropa dənizlərində illik səth temperaturunun indiyə qədərki ən yüksək səviyyəyə çatdığı bildirilib. Avropa üzrə çayların 70 faizində suyun səviyyəsinin normadan aşağı qaldığı, 2025-ci ilin torpaq rütubəti baxımından 1992-ci ildən bəri ən quraq üç ildən biri olduğu qeyd edilib. İsti və quraq hava şəraiti meşə yanğınlarını artıraraq təxminən 1 milyon 34 min hektarlıq ərazinin məhv olmasına yol açıb ki, bu da tarixin ən yüksək göstəricisidir. Yanğınlar nəticəsində yaranan karbon emissiyalarında da rekord qırılıb və ümumi emissiyanın təxminən yarısı İspaniyanın payına düşüb.

Hesabatda qeyd olunur ki, Avropadakı sürətli isinmə qar və buz örtüyünü azaldarkən, təhlükəli dərəcədə yüksək hava temperaturları, quraqlıq, isti dalğaları və rekord okean temperaturları Şimal qütbündən Aralıq dənizinə qədər olan geniş ərazini ciddi şəkildə təsir altına alıb. Avropa dünyanın digər bölgələri ilə birlikdə quruda və dənizdə rekord istilərdən dağıdıcı meşə yanğınlarına, eləcə də davam edən bioloji müxtəliflik itkisinə qədər artan mənfi təsirlərə məruz qalır. Bu vəziyyətin bütün Avropa cəmiyyətləri və ekosistemləri üçün ağır nəticələr doğurduğu xüsusi vurğulanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu