"Monako" baş məşqçisinə görə hər oyun 25 min avro cərimə ödəyir



Fransa Birinci Futbol Liqası (Ligue 1) təmsilçilərindən olan "Monako" oktyabr ayında təyin etdiyi Sebastyen Pokonyolinin komandanı idarə etmək üçün lazımi diplomu olmadığına görə hər matç üçün 25 min avro cərimə ödəyir.

Fransanın "L'Equipe" qəzetinin xəbərinə görə, oktyabrın 11-də Adi Hütterin yerinə baş məşqçi postuna gətirilən 38 yaşlı Pokonyolinin Ligue 1-də fəaliyyət göstərməsinə imkan verən BEPF (Peşəkar Futbol Müəllimi Diplomu) və ya ekvivalent sənədi yoxdur. Bu səbəbdən klub hər oyun üçün pul cəriməsi ödəmək məcburiyyətində qalır.

"Monako" indiyədək 17 matça (14 liqa, 3 kubok) çıxan belçikalı mütəxəssis üçün ümumilikdə 425 min avro cərimə ödəyib. Maraqlıdır ki, klub UEFA Çempionlar Liqasında bu məsələ ilə bağlı hər hansı sanksiya ilə qarşılaşmır.

Xəbərdə qeyd olunur ki, "Monako" rəhbərliyi cərimədən yayınmaq üçün maraqlı üsula əl atıb. Belə ki, bir oyunda Pokonyolinin köməkçilərindən biri olan Damyen Perinelin adı rəsmi protokolda baş məşqçi kimi qeyd edilib. Lakin onun da diplom təhsili hələ davam etdiyi üçün klub yenə də cərimə ödəməli olub. Perinel isə yaranmış vəziyyətdən istifadə edərək klubdan maaşının artırılmasını tələb edib və buna nail olub. Bu cəhd uğursuz olduqdan sonra klub rəsmi protokolda baş məşqçi bölməsini boş buraxmağa başlayıb.

Əgər belçikalı məşqçi mövsümü sonadək tamamlasa, "Monako" ümumilikdə 750 min avro cərimə ödəmiş olacaq. Klubdan verilən açıqlamada bildirilib ki, oktyabrda 38 yaşlı mütəxəssislə aparılan danışıqlarda bu qayda nəzərə alınıb və onun maaşı məhz bu cərimələrə uyğun tənzimlənib.

Ligue 1-də 21 oyundan sonra 8 qələbə, 4 heç-heçə və 9 məğlubiyyətlə 28 xal toplayan "Monako" 10-cu pillədə qərarlaşıb. UEFA Çempionlar Liqasında 21-ci yeri tutaraq 1/8 finalın pley-off mərhələsinə vəsiqə qazanan Fransa təmsilçisi bu turda digər bir yerli klub — "Paris Sen-Jermen" (PSG) ilə qarşılaşacaq. Komanda artıq Fransa Kuboku uğrunda mübarizəni dayandırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu