UEFA gələn həftə İsrailə qarşı sanksiyanı müzakirə edəcək
Avropa futbolunun rəhbər qurumu UEFA Birləşmiş Millətlər Təşkilatının (BMT) İsrailin Qəzzada soyqırım törətdiyi barədə hesabatının ardından növbəti həftə təcili iclas keçirməyi planlaşdırır.
İngilis mediasında yayılan xəbərlərə görə, toplantıda İsrailin üzvlüyünün dayandırılıb-dayandırılmayacağına qərar veriləcək. İcra Heyəti üzvlərinin əksəriyyətinin sanksiyadan yana olduğu və üzv ölkə federasiyalarının da bu mövqeyi dəstəklədiyi bildirilir.
Əgər sanksiya tətbiq olunarsa, İsrail 2026 FIFA Dünya Kuboku Avropa seçmə mərhələsində iştirak edə bilməyəcək. UEFA-nın bu addımı FIFA üzərində də təzyiqi artıracaq.
Avqustda UEFA İtaliyanın Udine şəhərində Paris Saint-Germain və Tottenham Hotspur arasında keçirilən Super Kubok finalında “Uşaqları öldürməyi dayandırın, dinc sakinləri öldürməyi dayandırın” yazılı pankart nümayiş etdirmişdi.
BMT İnsan Hüquqları Ofisi bu həftə FIFA və UEFA-ya müraciət edərək, “İsrailin beynəlxalq futboldan kənarlaşdırılması işğal altındakı Fələstin torpaqlarında davam edən soyqırıma cavab olaraq zəruri addımdır” ifadəsini işlədib. Hesabatda vurğulanıb ki, idman hər şeyin normal olduğu təəssüratını yaratmaq üçün istifadə edilməməlidir: "Böyük insan hüquqları pozuntuları edən dövlətlərin milli komandaları sanksiyaya məruz qala bilər və qalmalıdır".
İsrail oktyabrda Norveç və İtaliya ilə qarşılaşacaq
2026 FIFA Dünya Kuboku Avropa seçmə mərhələsi I qrupunda İsrail hazırda Norveç və İtaliyanın arxasında üçüncü yerdədir.
Norveç Futbol Federasiyası oktyabrın 11-də Osloda İsrailə qarşı keçiriləcək matçın gəlirlərinin Qəzzada humanitar yardım üçün Sərhədsiz Həkimlər təşkilatına bağışlanacağını açıqlayıb. İsrail oktyabrın 14-də də səfərdə İtaliya ilə görüşəcək.
Avropa klub turnirlərində iştirak edən tək İsrail komandası Makkabi Tel-Avivdir.
Yunanıstanın PAOK komandası ilə Makkabi Tel-Aviv arasında çərşənbə günü keçirilən və 0-0 bitən oyunda ev sahibi tərəfin azarkeşləri “Soyqırımı dayandırın” və “İsrailə qırmızı kart göstər” yazılı pankartlar açıb. Matç öncəsi minlərlə azarkeş tərəfindən imzalanan və UEFA-ya göndərilən petisiyada isə “Soyqırım təmsilçiləri ilə ədalətli oyun olmaz” ifadəsi yer alıb.


