İngiltərədə enerji içkiləri 16 yaşdan kiçik uşaqlara qadağan edildi


İngiltərə hökuməti uşaqlarda piylənmə, yuxu pozğunluğu və narahatlığın qarşısını almaq məqsədilə 16 yaşdan kiçik şəxslərə enerji içkilərinin satışını qadağan edəcəyini açıqlayıb.

Qadağa Red Bull, Monster, RelentlessPrime kimi içkiləri əhatə edir. Litr başına 150 milliqramdan çox kofein tərkibi olan məhsullar 16 yaşdan aşağı şəxslərə satıla bilməyəcək. Coca-Cola, Pepsi, çay və qəhvə kimi aşağı kofeinli içkilər qadağaya daxil deyil.

Səhiyyə naziri Ves Striting bildirib ki, uşaqların hər gün iki espressoya bərabər kofein qəbul etməsi qəbuledilməzdir.

Rəsmi məlumatlara görə, İngiltərədə təxminən 100 min uşaq hər gün ən az bir yüksək kofeinli enerji içkisi istehlak edir. Mütəxəssislər bildirirlər ki, bu içkilər yuxu pozğunluğuna, narahatlığa, diqqət dağınıqlığına və məktəb uğursuzluğuna səbəb olur. Həmçinin yüksək şəkər tərkibi piylənmə və diş çürüməsi riskini artırır.

Qeyd edək ki, böyük supermarket zəncirləri Tesco, Sainsbury’s, Asda, MorrisonsWaitrose uşaqlara enerji içkisi satışını əvvəlcədən dayandırmışdı. Lakin hökumət kiçik dükan və büfetlərdə satışların davam etdiyini vurğulayıb.

Yeni qaydanın 12 həftəlik məsləhətləşmə müddətindən sonra qüvvəyə minəcəyi gözlənilir. Qadağadan sonra məktəblərdə və avtomatlarda da satışın dayandırılması planlaşdırılır.

İngiltərə İçkilər Assosiasiyasının baş direktoru Gavin Partington istehsalçıların məhsullarını 16 yaşdan kiçik şəxslərə satmadığını və sənayenin uzun müddətdir öz qaydaları ilə tənzimləndiyini xatırladıb.

Mütəxəssislər bildirirlər ki, qadağanın geniş tətbiqi uşaqların sağlamlığının qorunmasında kritik rol oynayacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu