UEFA Ermənistan klubuna oyun satan "Arsenal Tivat"ı 10 illik diskvalifikasiya etdi

UEFA tərəfindən aparılan araşdırmalar nəticəsində Monteneqronun "Arsenal Tivat" klubu danışılmış oyunda iştiraka görə Avropa turnirlərindən 10 il müddətinə kənarlaşdırılıb.
AFN.az xarici mənbələrə istinadla xəbər verir ki, bu qərarın verilməsinin əsas səbəbi 2023-cü ilin iyul ayında UEFA Avropa Konfrans Liqasının I təsnifat mərhələsində Ermənistan təmsilçisi "Alaşkert"lə keçirilən qarşılaşma olub.
Sözügedən klub ilk oyunu səfərdə 1:1 hesabı ilə başa vursa da, cavab görüşündə doğma meydanda 1:6 hesabı ilə uduzub. Bildirilir ki, görüşün əlavə dəqiqələrində buraxılan iki qol bu matçla bağlı şübhələri daha da artırıb.
Qərara əsasən, “Arsenal Tivat” 2034/35 mövsümünə qədər UEFA-nın təşkil etdiyi turnirlərdən kənarlaşdırılıb və kluba 500 min avro məbləğində cərimə kəsilib.
Bundan əlavə, klubun idman direktoru Ranko Krqoviç və oyunçu Nikola Çelebiç futboldan ömürlük uzaqlaşdırılıb. Daha üç futbolçu isə 10 illik diskvalifikasiya ilə cəzalandırılıb.