Tramp ABŞ kəşfiyyatını təkzib etdi: İran nüvə silahına çox yaxındır

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Milli Kəşfiyyat direktoru Tulsi Qabbardın “İran nüvə silahı istehsal etmir” açıqlamasını təkzib edərək, Tehranın nüvə silahı istehsalına çox yaxın olduğunu iddia edib.
CBS News-un xəbərinə görə, Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında İranın nüvə silahına nə qədər yaxın olduğu sualına “çox yaxın” cavabını verib.
Jurnalistlər ABŞ Milli Kəşfiyyat direktoru Qabbardın bu il Konqresdə səsləndirdiyi “İran nüvə silahı istehsal etmir” fikirlərini xatırladıqda isə Tramp “Qabbardın nə dediyi vecimə deyil. Məncə, birini istehsal etməyə çox yaxın idilər” cavabını verib.
Xatırladaq ki, Tulsi Qabbard mart ayında ABŞ Konqresində çıxışı zamanı kəşfiyyat qurumlarının “İranın nüvə silahı istehsal etmədiyi və Xameneyinin 2003-cü ildə dondurduğu nüvə silah proqramını təsdiqləmədiyi” yönündəki qiymətləndirməsinin davam etdiyini bildirmişdi.
Qabbard həmçinin “Əgər Tehran nüvə silahı proqramını yenidən bərpa etmək qərarına gəlsə, bu proses kəşfiyyat orqanları tərəfindən diqqətlə izləniləcək,” – deyə qeyd etmişdi.