AB və ABŞ ticarət sazişi üzrə işləri sürətləndirəcək

Avropa İttifaqı (AB) Komissiyasının sədri Ursula fon der Leyen ABŞ Prezidenti Donald Tramp ilə ticarət məsələlərini müzakirə etdiklərini və komandaların tariflərlə bağlı razılıq əldə etmək üçün işləri sürətləndirməsi barədə göstəriş verdiklərini bildirib.
Fon der Leyen Kanadada keçirilən G7 Liderlər Sammitində ABŞ Prezidenti Tramp ilə görüşündən sonra bu barədə sosial media hesabında paylaşım edib.
Sammitin tərəfdaşlar arasında səmərəli və dərin müzakirələrə imkan yaratdığını qeyd edən fon der Leyen, “Prezident Tramp ilə Ukraynadan ticarətə qədər olan kritik mövzuları müzakirə etdim” ifadəsini işlədib.
Fon der Leyen “Ticarətlə bağlı komandalarımıza yaxşı və ədalətli bir razılaşmaya nail olmaq üçün işlərini sürətləndirmələri tapşırıldı” deyə əlavə edib.