Demans riski yaşadığınız bölgəyə görə dəyişir

ABŞ-da aparılan geniş tədqiqat demans xəstəliyinin bəzi ştatlarda digərlərinə nisbətən daha çox yayıldığını ortaya qoydu. Risk kənd yerlərində yaşam şəraiti və səhiyyə xidmətlərinə çıxışla bağlı ola bilər.
ABŞ-lı tədqiqatçılar 1,2 milyondan çox xəstənin sağlamlıq qeydlərini araşdıraraq demans riskinin bölgələr üzrə fərqli olduğunu müəyyən ediblər. Kaliforniya Universiteti San-Fransisko (UCSF) komandasının JAMA Neurology jurnalında dərc olunan araşdırmasına görə, Cənub-şərq ştatlarında demans riski Orta Atlantik bölgəsi ilə müqayisədə 25 faiz daha yüksəkdir.
Kentuki, Tenesi, Alabama və Misisipi kimi ştatları əhatə edən bu bölgədə riskin bu qədər artması mütəxəssislərə görə sosial və ətraf mühit faktorları ilə əlaqədar ola bilər.
Tədqiqat nəticələrinə görə, Şimal-qərb və Rokki Dağları bölgələrində demans riski 23 faiz, Cənub bölgəsində 18 faiz, Cənub-qərbdə isə 13 faiz daha yüksəkdir. Kaliforniya isə Cənub-qərb bölgəsinə daxil sayılıb.
Şimal-şərqdə də risk səviyyəsi artıb, amma fərq daha məhduddur. Belə ki, Orta Atlantik bölgə ilə müqayisədə 7 faiz daha yüksəkdir.
Tədqiqatçılar yaş, irq və ürək-damar xəstəlikləri kimi amilləri nəzərə alsalar da, bölgələrarası fərqlərin davam etdiyini bildirirlər. Bu fərqlərdən birinin kənd yerlərində səhiyyə xidmətlərinə çıxışın çətin olması güman edilir.
UCSF Nüfus Beyin Sağlığı Mərkəzinin direktoru Dr. Kristin Yaffe bildirib ki, bu tədqiqat demansda bölgələrarası fərqləri başa düşməyin və yerli qarşısının alınması strategiyalarının nə qədər vacib olduğunu göstərir.
Eyni universitetdən alimlər yaxınlarda aparılan başqa bir araşdırmada onurğa mayesindəki müəyyən zülalların demansın erkən mərhələdə aşkarlanmasında əhəmiyyətli ola biləcəyini açıqlamışdılar.
Demansın ən yaygın növü olan Alzheimer xəstəliyi hal-hazırda 6,7 milyon amerikalıya təsir edir. 2060-cı ilə qədər bu rəqəmin iki dəfə artacağı gözlənilir. Hələ ki, xəstəliyin tam müalicəsi yoxdur.
Tədqiqatçılar bölgələrarası fərqlərə səbəb olan əsas amilləri müəyyən etməklə resursların daha səmərəli istifadə olunmasını və həssas icmalara yönəlik müdaxilələrin inkişafını hədəfləyirlər.
Tədqiqatın baş müəlliflərindən Dr. Kristina Dintika bildirib ki, təhsil səviyyəsi, erkən həyat şəraiti və ətraf mühitin təsirinə məruz qalma bu fərqlərdə rol oynaya bilər.