Tramp Hollivudu da dəyişdi: gey personajlara qadağa, ailə dəyərlərinə üstünlük

Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra Amerika kino şirkətləri inklüzivliyi təbliğ etməyi dayandırıb və indi diqqəti ailə dəyərlərinə yönəldirlər.
AFN.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti yazıb.
Bildirilir ki, Hollivud studiyaları gey personajların iştirak etdiyi film və serialların sayını azaltmağa başlayır və daha çox dini mövzulara və kənd həyatı ilə bağlı hekayələrə müraciət edirlər. Bu dəyişikliyə təkan verən Prezident Trampın iqtisadiyyatın bütün sektorlarında müxtəliflik, bərabərlik və inklüzivlik siyasətini hədəfləyən sərəncamları olub.
"Le Figaro" qeyd edir ki, kino sənayesində ilk dəyişikliklər artıq nəzərə çarpır: "Disney" studiyası uşaqlar üçün cizgi filminə transgender personajı əlavə etməkdən imtina edib, "Amazon" və "Netflix" axın xidmətləri bibliya hekayələri əsasında filmlərin premyerasını uğurla həyata keçirib".
Böyük studiyalardan birinin keçmiş rəhbəri "Le Figaro"ya verdiyi müsahibədə daha çox vestern və döyüş filmlərinin də ekranlarda görünəcəyini və Trampın “Amerikanı yenidən möhtəşəm et” siyasi şüarının və bununla bağlı bütün münasibətlərin “əyləncə sənayesinin istehsal prosesinə” təsir edəcəyini bildirib.
Nəşrin qeyd etdiyi kimi, Hollivud ənənəvi olaraq demokratları və onların bəyan etdikləri liberal dəyərləri dəstəkləyir, lakin hazırda “qalib mövqedə olan” Trampın siyasətinə uyğunlaşmaq məcburiyyətindədir: "Pandemiya və əmək tətillərindən sonra məşhur kinostudiyalar çətin günlər yaşayır və Los-Ancelesdəki son yanğınlar vəziyyəti daha da pisləşdirib. İdxal rüsumlarının tətbiqi filmlərin və serialların istehsalına çəkilən xərclərin artmasına, eləcə də onların xaricə ixracının azalmasına və reklam gəlirlərinin azalmasına səbəb olmaq təhlükəsi yaradır".
Bundan əlavə, audiovizual ekosistemlər üzrə amerikalı ekspert anonimlik şərti ilə qəzetə bildirib ki, Hollivudun ən böyük müştəriləri "Amazon" və "Apple" kimi texnologiya nəhəngləridir: "Onların əksəriyyəti Donald Trampa sədaqət andı içib və onun fikirlərini bölüşürlər”.