Böyük Britaniyada HƏMAS-ın terror siyahısından çıxarılması üçün müraciət edilib


Böyük Britaniyada HƏMAS-ın qadağan olunmuş təşkilat statusunu ləğv etmək üçün hüquqi təşəbbüs irəli sürülüb. Ərizəni verən hüquq qrupu 106 səhifəlik hesabatla İngiltərə Daxili İşlər Nazirliyinə müraciət edib. HƏMAS-ın terrorçular siyahısından çıxarılması tələb edilib.



İngiltərədə hüquqşünaslar, akademiklər və jurnalistlərdən ibarət 20 nəfərlik ekspert qrupu HƏMAS-ın qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması üçün qanuni müraciət edib. Onların hazırladıqları 106 səhifəlik hesabat Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə təqdim edilib. Hesabatda HƏMAS-ın terror təşkilatları siyahısından çıxarılmalı olduğu bildirilib.

Vəkil Fəhad Ənsari İngiltərənin beynəlxalq öhdəliklərini pozduğunu vurğulayaraq, "HƏMAS Fələstin xalqının seçilmiş nümayəndəsidir. Soyqırıma müqavimət göstərən əsas qruplardan biridir. HƏMAS-ın Fələstin xalqını müdafiə etməsinin qarşısı alınır" deyib.

Müraciəti edən komandanın digər üzvü Daniel Qrutters "Yaxın Şərqdə sülh istəyiriksə, tərəflər bir-biri ilə danışa bilməlidir. Terrorçu siyahısına salıb "sən pissən" dediyiniz biri ilə dialoq qurmaq çətinləşir. Müraciətin əsas səbəblərindən biri də budur" söyləyib.

Ərizədə HƏMAS-a tətbiq edilən qadağanın Avropa İnsan Haqları Konvensiyasının təmin etdiyi açıq müzakirə və siyasi ifadə azadlığı hüquqlarını pozduğu da vurğulanıb.

Qeyd edək ki, Britaniya 2001-ci ildə HƏMAS-ın hərbi qanadını terrorçular siyahısına daxil edib. 2021-ci ildə HƏMAS-a üzvlük cinayət halı kimi qiymətləndirilib. Həmçinin HƏMAS-a dəstək ifadə etmək və onun simvollarını daşımaq qadağan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu