Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini aşağı salır

Səudiyyə Ərəbistanı may ayında Asiya üçün neftin qiymətini OPEC+ tədarük artımı ərəfəsində kəskin şəkildə azaldıb, qiymətlər dörd ayın ən aşağı səviyyəsinə enib.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, dövlətə məxsus “Saudi Aramco” şirkəti “Arab Light” markalı neftin rəsmi satış qiymətini 2,30 dollar ucuzlaşdıraraq bir barel üçün 1,20 dollar təklif edib. Qeyd olunur ki, Səudiyyə neftinin qiymətindəki eniş son iki ildə ən nəzərə çarpan ucuzlaşma olub.
Könüllü hasilatın azaldılması sazişində iştirak edən səkkiz OPEC+ ölkəsi aprelin 3-də hasilat cədvəlində dəyişiklik etmək və may ayında neft hasilatını sutkada 411 min barel (bpd) artırmaq qərarına gəlib.
2024-cü ilin əvvəlindən səkkiz OPEC+ ölkəsi bazarı tarazlaşdırmaq üçün könüllü olaraq neft hasilatını sutkada 2,2 milyon barel azaltmağı öhdəsinə götürüb. 2025-ci ilin aprelindən bu ölkələr 2026-cı ilin sentyabr ayına qədər davam edəcək hasilatın tədricən artırılmasına başlayıblar. OPEC+ etiraf edir ki, hasilatın artımı dayandırıla bilər və ya alyans hətta bazar vəziyyətindən asılı olaraq hasilatın azaldılmasına qayıda bilər.