Tramp Avropa və Asiya liderləri ilə rüsumlarla bağlı danışıqlar apardığını bildirib

ABŞ prezidenti Donald Tramp həftə sonu Avropa və Asiya liderləri ilə ABŞ-ın tarifləri ilə bağlı danışıqlar apardığını deyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlama verib.
"Mən bir çox Avropa və Asiya liderləri ilə danışmışam. Onlar ticarət sövdələşməsinə can atırlar" - deyə Tramp bildirib.
Ondan İlon Maskın Avropa ilə sıfır tariflərlə işləmək təklifinə münasibət bildirməsi istənilib. "Avropa bizdən sərvət qazandı. Avropa bizimlə çox pis rəftar etdi. Onlar masaya gəlirlər. Danışmaq istəyirlər, lakin bizə hər il külli miqdarda pul ödəməyənə qədər heç bir söhbət olmayacaq", - deyə ABŞ prezidenti bildirib.
Tramp qeyd edib ki, texnologiya sektorundakı insanlarla danışıqlar aparır. O, əmin edib ki, həmsöhbətləri onu mövcud vəziyyətə görə günahlandırmırlar. Prezident konkret kiminlə danışıqlar apardığına dair sualı cavablandırmayıb. Əlavə edib ki, adlarının açıqlana biləcəyini öyrənmək üçün onlarla əlaqə saxlayacaq.