Roma papası martın 23-də xəstəxanadan buraxılacaq

Fevralın 14-dən pnevmoniya diaqnozu ilə xəstəxanada olan Papa Fransisk martın 23-ü bazar günü evə buraxılacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun Aqostino Gemelli xəstəxanasının həkimləri məlumat verib.
Eyni zamanda, 88 yaşlı papanın xəstəlik məzuniyyətində olacağını və ən azı iki ay çəkəcək reablitasiya proseso keçəcəyini bildiriblər.
"Papa sabah evə buraxılacaq. İki həftə ərzində biz yaxşılaşmalar gördük, onun vəziyyəti stabildir", - deyə Fransiskin həkimi Serxio Alfieri bildirib.
O qeyd edib ki, pontifikin artıq sətəlcəmi yoxdur, lakin bakterial infeksiyalar qalır və bunun tam sağalması üçün vaxt lazımdır. Alfierinin sözlərinə görə, Fransiskin ağciyərləri və tənəffüs yolları zədələnib, bu da səsinin tutulmasına səbəb olub. O, müalicəsini Sent-Marta otelindəki rezidensiyasında davam etdirəcək.
Alfierinin dediyinə görə, xəstəxanada olduğu müddətdə pontifikin həyatı iki dəfə təhlükə altında olub. Lakin son iki həftə ərzində Papanın vəziyyətində tədricən yaxşılaşma müşahidə olunur.
Martın 23-də xəstəxanadan buraxılmazdan əvvəl o, ənənəvi bazar günü xeyir-duası üçün xəstəxana otağının pəncərəsindən sadiqləri salamlayacaq. Bu, Fransiskin fevralın 14-dən bəri ilk çıxışı olacaq.