Tramp Kanada və Meksikadan idxal olunan mallara rüsumları yenidən təxirə salıb

ABŞ prezidenti Donald Tramp Kanada və Meksikadan üçtərəfli ticarət sazişinə daxil olan mallara 25 faizlik idxal rüsumunun tətbiqinin aprelin 2-dək təxirə salınması barədə sərəncam imzalayıb.
AFN.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə bildirib. Qeyd edib ki, bu, son təxirəsalmadır: "Bu tarixdən sonra belə güzəştlər olmayacaq. Böyük hadisə aprelin 2-də cavab rüsumlarının tətbiq edildiyi vaxt baş verəcək". Tramp əlavə edib ki, həmin tarixdən sonra ABŞ Amerika məhsullarına tətbiq etdiyi tariflərə uyğun olaraq digər ölkələrdən gələn mallara da rüsumlar tətbiq edəcək.
Onun sözlərinə görə, ABŞ administrasiyası rüsumların tətbiqi ilə bağlı əlavə gecikmələr və ya düzəlişlər planlaşdırmır. "Yeganə istisna avtomobil sənayesidir - bir gün əvvəl müvafiq malları 30 gün müddətinə əlavə rüsumlardan azad edən fərman imzalamışam. "u, sadəcə qısamüddətli bir düzəlişdir, çünki bunu etsəm, Amerika avtomobil şirkətlərinə zərər verərdim" - deyə ABŞ lideri qeyd edib.