Suriyanın bir neçə əyalətində komendant saatı elan edilib

Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşmaların fonunda Latakiya əyalətində komendant saatı tətbiq edilib.
AFN.az SANA-ya istinadən xəbər verir ki, əyalətin Daxili Təhlükəsizlik Müdirliyi cümə günü yerli vaxtla səhər saat 10:00-a qədər komendant saatı tətbiq edib.
Bir qrup Əsəd tərəfdarı Rusiyanın Xmeymim aviabazasının yerləşdiyi Cebla şəhərinin kənarında Suriyanın yeni administrasiyasının daxili təhlükəsizlik departamentinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib. “Əl-Cəzirə”nin verdiyi məlumata görə, silahlılarla toqquşmalarda azı 15 Suriya təhlükəsizlik məmuru həlak olub.
SANA xəbər agentliyinin məlumatına görə, keçmiş prezidenti dəstəkləyən silahlı qruplar Latakiya əyalətinin cənubunda yerləşən Beyt Ana qəsəbəsindəki hərbi hədəflərə də hücum ediblər. Hücum nəticəsində bir Suriya təhlükəsizlik zabiti ölüb, bir neçəsi yaralanıb.
KİV-in məlumatına görə, partlayışların baş verdiyi Latakiya şəhərində, Əz-Zirə məhəlləsində və cinayət axtarış idarəsi yaxınlığında da şiddətli atışmalar gedir. Xüsusi təyinatlılar döyüşçüləri silahlı dəstələrin hücumlarını dəf etməyə və onlara itkilər verməyə nail olublar.
Qeyd edək ki, bundan əvvəl Homs və Tartusda yerli vaxtla saat 08:00 və 10:00-a qədər komendant saatı tətbiq edilib.