İranın vitse-prezidenti Cavad Zərif istefa verib

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, strateji məsələlər üzrə vitse-prezident Zərif istefa məktubunu prezident Məsud Pezeşkiana təqdim edib.
Bildirilib ki, Pezeşkian Zərifin istefa məktubuna hələ də cavab verməyib.
Maraqlıdır ki, vitse-prezident Zərifin istefası parlament tərəfindən iqtisadiyyat naziri Abdel Nasser Himmeti vəzifəsindən azad edildikdən sonra baş verib. İqtisadi problemlər qarşısında səmərəsiz olmaqda günahlandırılan Himmeti dünən məclis tərəfindən vəzifəsindən azad edilib.
Sabiq prezident Həsən Ruhaninin dövründə 2013-2021-ci illər arasında xarici işlər naziri vəzifəsini icra edən Zərif 2015-ci ildə imzalanan nüvə sazişinin memarlarından biri olub. Zərif avqustda prezident Pezeşkian tərəfindən strateji məsələlər üzrə vitse-prezident təyin edilib.
Ultra-mühafizəkar qrupların hədəfinə çevrilən Zərif avqust ayında hökumət parlamentdə etimad səsverməsi aldıqdan sonra istefa verəcəyini eyham etmişdi, lakin sonradan vəzifəsinə davam etdi.
Zərif son olaraq İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda (WEF) hicab qadağası və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də hücumları ilə bağlı verdiyi açıqlamalara görə ölkədəki ultra-mühafizəkar qrupların tənqidinə tuş gəlib. Bəzi qruplar Tehran və Məşhəddə Zərifə qarşı nümayişlər keçirib.