London sammitinin iştirakçıları Ukraynaya dəstəyin artırılmasının zəruri olduğunu düşünürlər

Londonda Avropa ölkələri liderlərinin iştirakı ilə keçirilən sammitin iştirakçıları Ukraynaya dəstəyin artırılmasının zəruriliyi barədə razılığa gəliblər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala deyib.
“Görüşdə Ukraynaya dəstəyin artırılması zərurəti barədə razılıq əldə olunub”, - deyə baş nazir qeyd edib. O, Avropa ölkələrinin müdafiə və təhlükəsizlik xərclərinin artırılmasının tərəfdarı olduğunu bildirib: "Biz hamımız öz müdafiəmizə daha çox pul xərcləyəcəyik və Ukraynaya hərbi dəstəyi artıracağımız barədə razılığa gəldik, çünki Ukraynanın təhlükəsizliyinin ən vacib təminatı onun güclü ordusudur. Vəziyyətin ciddiliyini hamımız başa düşürük. İndi sözdən əmələ keçmək lazımdır. Ona görə də yaxın vaxtlarda mən Çexiya hökumətinin müdafiə naziri ilə müdafiə büdcəsinin artırılması istiqamətində müzakirə aparacağam."
Fiala Avropada təhlükəsizlik məsələlərində Fransa ilə Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsini alqışlayıb. Onun sözlərinə görə, onlar lider rolunu öz üzərinə götürüblər. "Bunlar BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrdir. Bunlar nüvə gücləridir. Onların birgə və bizim dəstəyimizlə işləməsi vacibdir", - deyə Fiala bildirib.