Mars niyə qırmızıdır? - Alimlər səbəbini izah etdilər


Pas rənginə görə Mars uzun müddətdir ki, "qırmızı planet" adlanır. Alimlər Marsın fərqli rənginin mümkün mənbəyini aşkar edərək, ümumi nəzəriyyəni şübhə altına alıblar.



Yerə yaxınlığı və ona göndərilən onlarla kosmik gəmi sayəsində Mars Günəş Sistemində ən çox öyrənilmiş planetlərdən birinə çevrilib.

Orbital və səth alətlərindən əldə edilən məlumatlar Marsın qırmızı rənginin planetin səthini örtən tozun tərkibindəki paslanmış dəmir minerallarından gəldiyini ortaya qoyub.

Lakin yeni bir araşdırma Marsda qırmızı rəngin əvvəllər düşünüldüyü kimi hematitdən deyil, soyuq suyun varlığında əmələ gələn ferrihidrit adlı mineraldan qaynaqlandığını ortaya çıxarıb.

“Nature Communications” jurnalında dərc edilən araşdırma keçmişdə Marsda suyun daha çox olduğunu göstərə və planetin yaşayış üçün yararlı olub-olmadığına dair yeni ipuçları verə bilər.

Marsın səthini örtən dəmir oksidinin əmələ gəlməsini anlamaq alimlərə planetin keçmiş iqlimini və ətraf mühitini yenidən qurmağa kömək edə bilər. Bununla belə, toz qatını araşdırmaq olduqca çətindir.

Yeni araşdırmada elm adamları Avropa Kosmik Agentliyinin (ESA) "Mars Express" və "ExoMars Trace Gas Orbiter" missiyalarından, həmçinin NASA-nın Mars kəşf peykindən və "Curiosity", "Pathfinder və Opportunity" roverlərindən istifadə ediblər.

"Trace Gas Orbiter"in CaSSIS görüntüləmə sistemi Marsda toz hissəciklərinin ölçüsünü və tərkibini müəyyən edib.

Tədqiqatçılar daha sonra laboratoriya şəraitində Mars tozunu simulyasiya edərək müxtəlif növ dəmir oksidlərini tədqiq ediblər. Ferrihidrit və bazaltın bu qarışığının Mars tozuna ən yaxşı uyğun gələn tərkib olduğu müəyyən edilib.

Marsın tarixi yenidən yazıla bilər
Tədqiqat qrupunun üzvü Adomas Valantinas tapıntıların Marsın keçmişi ilə bağlı mühüm məlumatlar verdiyini açıqlayıb.

“Mars hələ də qırmızı planetdir, lakin onun niyə qırmızı olduğuna dair anlayışımız dəyişib” deyən Valantinas, ferrihidritin yalnız suyun varlığında əmələ gələ biləcəyini əlavə edərək, Marsın əvvəllər düşünüldüyündən çox daha erkən paslandığını göstərir.

Bu tapıntılar göstərir ki, Marsın səthində sulu mineral təbəqələr çox yayılıb. Marsın təxminən 3 milyard il əvvəl intensiv vulkanik fəaliyyətə səhnə olduğu və bu prosesin buzları əritmiş, su və qaya qarşılıqlı təsirinə səbəb ola biləcəyi ifadə edilir.

Gələcəkdə NASA və ESA arasında birgə "Marsa Nümunə Qaytarma" proqramı çərçivəsində planetdən geri gətirilən qaya və toz nümunələri Marsın su tarixi haqqında daha dəqiq məlumat verə bilər. Elm adamları bu nümunələri təhlil edərək Marsın atmosferinin və su dövranının keçmişdə necə işlədiyini daha yaxşı başa düşməyə ümid edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu