Niyazi Mehdi vəfat etdi

“Niyazi Mehdi bu gün əməliyyat olunduğu xəstəxananın reanimasiya şöbəsində vəfat edib”.
Bu sözləri Oxu.Az-a açıqlamasında onun qardaşı Mehdi Mehdiyev deyib.
O qeyd edib ki, bu gün qardaşının ayağı amputasiya olunmalı idi, amma axşam vəziyyəti çox ağırlaşdığı üçün həkimlər məcburiyyət qarşısında ürəyini əməliyyat etməli olublar.
“Niyazi klapan dəyişilməklə invaziv açıq ürək əməliyyatı - TAVI (Transcatheter Aortic Valve Implantation - red.) edilib. Biz başa düşürdük ki, əməliyyat risklidir amma etdirməli olduq. Əməliyyatın özü yaxşı keçib, amma sonrasına tab gətirməyib. Yəni, bu hadisə əməliyyat vaxtı da baş verə bilərdi, sadəcə əməliyyatdan sonra baş verdi və bu gün səhərə yaxın həyatını itirdi. Bir məsələni deyim, baxıram, bəzi saytlarda onun diabetdən əziyyət çəkdiyi də yazılıb. Çox əsassız bir fikirdir. O, dializdən müalicə alırdı, diabetdən yox", - deyə M.Mehdiyev vurğulayıb.
Niyazi Mehdinin harada dəfn olunacağına gəlincə isə, o qeyd edib ki, qardaşı Maştağada dəfn olunacaq.
“Övladları belə qərar verib. Əvvəlcə Yasamalda "Qurd qapısı" tərəfi düşünmüşdülər, bizim Binəqədidə də nəsil yerimiz var, amma onlar Maştağada dəfn etmək qərarına gəldilər”, - deyə M.Mehdiyev bildirib.