Marsda bir vaxtlar okeanlar və çimərliklər var idi


Mars quru səthi və yüksək radiasiya səviyyələri ilə bu gün həyata əlverişsiz görünsə də, yeni araşdırmalar planetin keçmişdə çimərliklərə ev sahibliyi edə biləcəyini ortaya çıxarıb.



Əvvəlki kəşfiyyatlarda Marsda dərələr və çöküntü süxurları aşkar edilmişdi və belə hesab olunurdu ki, vaxtilə planetdə çaylar axırdı. Bununla belə, elm adamları uzun müddətdir ki, Marsda okeanların olub-olmadığını müzakirə edirlər.

İndi Çinin "Zhurong" roverindən əldə edilən məlumatlar bu müzakirəyə yeni bir ölçü əlavə edib.

"Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan araşdırmada alimlər "Zhurong" roverinin yeraltı görüntüləmə məlumatlarını araşdırıblar. Penn State Universitetindən Dr Benjamin Cardenas ""Zhurong" peyk məlumatları ilə paleosahil xətlərinin xəritələndiyi cənub Utopia Planitia bölgəsinə göndərildi" deyib.

Tədqiqatçılar deyirlər ki, Marsın şimal ovalıqlarından əldə edilən məlumatlar Yerin sahillərində istifadə edilən yerə nüfuz edən radar ölçmələrinə bənzəyir. Hər iki halda yeraltı materialın düzənliklərə, yəni okeana doğru meyl etdiyi görünür.

"Zhurong"dan əldə edilən məlumatlar Mars sahillərinin zamanla mövqeyini dəyişdiyini göstərir. "Məlumatlar sahil xəttinin ən azı 1,3 km şimala doğru irəlilədiyini göstərir" Kardenas deyib.

"Bu tapıntının mühüm nəticələri var" deyən Kardenas "Bu, sadə bir quruluş kimi görünə bilər, lakin burada biz gelgitlərin, dalğaların və çöküntüləri daşıyan yaxınlıqdakı çayın dəlillərini görürük. Üstəlik, bu proses uzun müddət ərzində aktiv olmalıdır" əlavə edib.

Tədqiqatçılar maili strukturların başqa geoloji proseslər nəticəsində əmələ gəldiyini qəbul etsələr də, əldə edilən məlumatların bu ssenarilərə uyğun gəlmədiyini bildirirlər. "Biz vulkanik fəaliyyət, çaylar və ya küləklə sovrulan qum təpələri kimi ehtimalları istisna etdik. Bunlar Marsda ümumi formasiyalar olsa da, burada aşkar edilən struktur bu proseslərin heç birinə uyğun gəlmir", - Kardenas bildirib.

Bu kəşf Marsda keçmiş həyatın mümkünlüyünü araşdıran elm adamları üçün maraqlı inkişaf hesab olunur. "Sahil dayaz su, hava və quru arasında qarşılıqlı əlaqə nöqtəsidir. Düşünülür ki, həyat ilk dəfə bu tip mühitlərdə Yer kürəsində yaranıb. Ona görə də Marsda keçmiş həyatın əlamətlərini axtarmaq üçün bu bölgəyə yeni kəşfiyyat missiyası göndərmək əla olardı", - deyə Kardenas qeyd edib.

Bununla belə, Marsdakı qədim sahil xətləri Yerdəki tropik çimərliklərə çox az bənzəyir. Palma ağacları və qağayılar olmasa belə, Kardenas bu çimərliklərə böyük maraq göstərdiyini bildirib: "Bu qədim landşaftların yenidən qurulması geologiyanın ən maraqlı tərəflərindən biridir. Həqiqətən də xəyal qurmağa dəyər!".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu