27 min qızılbalıq qaçdı - Tapana mükafat veriləcək
![](/uploads/posts/2025-02/somon-aa-1509949_1.jpg)
Dünyanın ən böyük dəniz məhsulları şirkətlərindən biri olan "Mowi" Norveç sahillərindəki bir fermadan qaçan təxminən 27.000 qızılbalıq üçün mükafat təqdim edəcəyini açıqlayıb.
Şirkət tutulan hər balıq üçün 500 Norveç kronu məbləğində mükafat təqdim edəcək. Bu vəziyyət kampaniyaçılar tərəfindən "vəhşi qızılbalıq üçün fəlakət" kimi təsvir edilir.
"Mowi" fırtınalı hava zamanı qəfəsin xarici halqasının zədələnməsindən sonra balıqların Troms bölgəsindəki Storvika V müəssisəsindən qaçdığını söyləyib.
Qaçan balıqların orta çəkisinin 5,5 kiloqram olduğu bildirilir.
Norveç Balıqçılıq İdarəsi hadisədən sonra balıqların geri qaytarılması üçün səylərin genişləndirilməsi barədə göstəriş verib. Normalda balıq yetişdiricilərinə yalnız fermanın 500 metrliyində qaçan balıqları toplamağa icazə verilirdi.
Ancaq bu sızma ilə bağlı edilən qiymətləndirmədə səylərin bu sərhədlərdən kənara da yayılması lazım olduğu ifadə edilib.
"Mowi" vəziyyətin ciddi və çox təəssüf doğuran olduğunu və tutulan balıqların qeydiyyatdan keçmiş balıqçılar tərəfindən balıq qəbulu mərkəzlərinə təhvil verilə biləcəyini söyləyib.
Qaçaq qızılbalıqların vəhşi qızılbalıqlar üçün böyük ekoloji təhlükə yaratdığını bildirən kampaniyaçılar, bu balıqların genetik müxtəlifliyi azaltdığını, dəniz bitləri ilə yoluxma riskini artırdığını və çoxalma yerləri üçün rəqabəti gücləndirdiyini qeyd ediblər.
Qeyd edək ki, ötən ilin yayında vəhşi qızılbalıqların sayı tarixi minimuma endikdən sonra Norveçdə 33 çayda qızılbalıq ovu qadağan edilib.
Norveçli mütəxəssislər qaçaq qızılbalığın vəhşi qızılbalıq üçün böyük təhlükə yaratdığını və yetişdirilən qızılbalıq və yabanı qızılbalıq arasında hibridləşmənin onların təbiətdə sağ qalma nisbətini azaltdığını bildirirlər.