"Politico" hökumətdən maliyyə aldığı iddialarını təkzib etdi
ABŞ-da yerləşən "Politico" xəbər təşkilatı son iddiaların əksinə olaraq, hökumətdən maliyyə almadığını və bunun yalnız abunə xidməti müqabilində olduğunu bildirib.
Demokrat Joe Biden administrasiyası dövründə hökumətdən maliyyə aldığı iddia edilən media qurumları arasında yer alan "Politico" xəbər portalının rəhbərləri yeni administrasiyada Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) direktoru vəzifəsini yerinə yetirən İlon Maskın iddialarını yazılı açıqlamada rədd ediblər.
"Politico"nun baş direktoru Qoli Şeyxoleslami və baş redaktor Con F.Harrisin imzaladığı bəyanatda “Biz 18 il ərzində heç bir hökumətdən yardım, qrant və ya dəstək şəklində bir qəpik də almamışıq” qeyd edilib.
Açıqlamada deyilir ki, dünyada milyonlarla insana xidmət göstərən "Politico" maliyyə gəlirlərini reklam və sponsorluqdan əldə edir.
Açıqlamada xəbər saytının peşəkar abunə xidmətləri göstərən "PoliticoPro" adlı bölməsinin olduğu və bəzi şirkətlər, təşkilatlar və dövlət qurumlarından bu xidmət üçün ödəniş tələb etdiyi bildirilib.
"Abunə olan dövlət qurumları, daha ağıllı işləmək və daha səmərəli olmaq üçün aldıqları digər alətlər kimi, bunu standart dövlət satınalma prosesləri vasitəsilə həyata keçirirlər. Bu, maliyyələşdirmə əməliyyatı deyil, xidmətdir", - bəyanatda deyilir.