Romanın tarixi Trevi fəvvarəsi təmir işlərindən sonra yenidən açılıb
İtaliyanın paytaxtı Romanın görməli yerlərindən biri olan Trevi fəvvarəsi (Fontana di Trevi) geniş təmir işlərindən sonra yenidən istifadəyə verilib.
Romaya gələn turistlərin ən çox ziyarət etdikləri yerlərdən biri olan Trevi fəvvarəsində oktyabr ayında başlayan baxım, təmir və təmizlik işləri başa çatıb.
Görülən işlər zamanı ziyarətçilərin marağını itirməməsi üçün böyük hovuzunun üzərində daşınan gəzinti cığırının salındığı tarixi fəvvarə bu gün yenidən istifadəyə verilib və əvvəlki görkəminə qaytarılıb.
Təmir işlərinin ardından Roma Bələdiyyə Başçısı Roberto Qualtieri mətbuata açıqlamasında "Bu, lazımlı və əhəmiyyətli bir müdaxilə idi. İndi mərmərin rənglərini daha yaxşı görə bilirik" deyib.
Qualtieri həmçinin bildirib ki, bundan sonra fəvvarənin kənarlarında oturmaq mümkün olmayacaq.
Yağışlı havaya baxmayaraq fəvvarənin açılışını izləyən çoxsaylı ziyarətçi suyun yenidən axmasını alqışlarla qarşılayıb.
Roma Bələdiyyəsi tərəfindən verilən açıqlamada təxminən 3 ay davam edən işlərin 327 min avroya başa gəldiyi və işlərin İtaliyanın Avropa İttifaqından (AB) təmin etdiyi COVID-19-dan sonra bərpa fondundan maliyyələşdirildiyi bildirilib.
Açıqlamada tarixi binanın qarşısında izdihamın qarşısını almaq üçün fəvvarəyə girişin məhdudlaşdırılacağı, eyni anda 400 ziyarətçinin daxil olmasına icazə veriləcəyi və bu mərhələdə ziyarətçilərdən giriş haqqının alınmayacağı bildirilib.
Məhdud sayda ziyarətçinin qəbulu praktikasının hər gün səhər saat 09.00-dan 21.00-dək qüvvədə olacağı, axşam saat 21.00-dan sonra isə heç bir məhdudiyyətin olmayacağı qeyd edilib.
18-ci əsrdə o zamankı Papa XII Klementin açdığı müsabiqədə qalib gələn italyan memar Nikola Salvi tərəfindən Poli Sarayının bir fasadında inşa edilən, gec barokko memarlığının nümunəsi sayılan Trevi fəvvarəsi sonuncu dəfə 2014-cü ildə ciddi və hərtərəfli bərpadan keçib.