Tramp İranla danışıqlara başlayacaq? - Qrenelinin namizədliyi buna işarə ola bilər
Donald Tramp ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru vəzifəsini icra edən Riçard Qreneli ABŞ-ın İran üzrə xüsusi elçisi vəzifəsinə namizəd göstərə bilər.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
“Qreneli bu vəzifə üçün nəzərdən keçirilir”, - deyə Trampın keçid komandasının planları ilə tanış olan şəxslərdən biri agentliyə bildirib.
Qeyd olunur ki, xüsusi elçinin namizədliyi və gələcək administrasiyanın İran strategiyası ilə bağlı yekun qərar hələ verilməyib. Bununla belə, Trampın bu rol üçün əsas müttəfiqi Qreneli hesab etməsi, növbəti Amerika liderinin İranla danışıqlara açıq ola biləcəyinə işarə sayıla bilər. "Qrenellin namizədliyi təsdiq olunarsa, onun öhdəliklərinə regiondakı və ondan kənardakı ölkələrlə məsləhətləşmələr, həmçinin Tehranın potensial danışıqlarda iştirak etmək əhval-ruhiyyəsini qiymətləndirmək daxildir" - deyə məlumatda qeyd edilir.
Qrenell əvvəllər ABŞ-ın Almaniyadakı səfiri vəzifəsində çalışıb. Bundan əlavə, o, Serbiya və Kosovo arasında sülh danışıqları üzrə Vaşinqtonun xüsusi nümayəndəsi vəzifəsində çalışıb. Onunla bağlı yayılan digər məlumatda qeyd edilirdi ki, Tramp tərəfindən Ukraynadakı münaqişənin həlli üzrə xüsusi elçi vəzifəsinə də baxılır. Amma sonda seçilmiş prezident bu vəzifəyə əvvəllər Milli Təhlükəsizlik Şurasında işləyən və vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışmış Keyt Kelloqun namizədliyini irəli sürüb.