KİV: Aİ ilk dəfə Ukraynaya təlimatçıların göndərilməsi məsələsini müzakirə edəcək


Aİ xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri ilk dəfə gələn həftənin ortalarında Ukraynaya təlimatçıların göndərilməsi imkanını müzakirə edəcəklər.


AFN.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən Welt am Sonntag qəzeti məlumat yayıb. Bildirilir ki, yekun qərar ən gec noyabr ayına qədər verilməlidir. Nəşrin məlumatına görə, avqustun 27-də mövzu Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsində (PSK) də müzakirə olunacaq. Qəzet xatırladıb ki, Kiyev hakimiyyəti Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelə mayın 31-də göndərdiyi məktubda Aİ-ni Ukraynaya təlimatçılar göndərməyə çağırıb. "Baltikyanı ölkələr, Danimarka və İsveçin dəstəklədiyi Fransa ora hərbi mütəxəssislərin göndərilməsinin tərəfdarıdır, Avstriya, Macarıstan, Almaniya, Malta və Sloveniya isə münaqişənin genişlənməsindən ehtiyat edərək bunun əleyhinədir" - deyə məlumatda qeyd edilir.

"Welt am Sonntag" bildirib ki, Aİ noyabrın ortalarında qurumun Ukrayna üzrə hərbi təlim missiyasının (EUMAM UKR) mandatını uzatmalı olacaq. Qeyd edək ki, bu missiya çərçivəsində Ukrayna hərbçiləri Aİ-də, ilk növbədə Almaniya və Polşada təlim keçiblər. Avropa ölkələri bu imkandan yararlana və nəinki mandatı uzata, həm də öz təlimatçılarına Ukraynada birbaşa Silahlı Qüvvələrin təlimində iştirak etməyə icazə verməklə onu genişləndirə bilərlər. Qəzet yazır ki, missiyaya rəhbərlik edən Aİ Baş Qərargahının rəhbəri, general-leytenant Mişel van der Laan qapalı məsləhətləşmələrdə təlimatçıların göndərilməsinin lehinə danışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu