Alen Delonun iti evtanaziya edilməyəcək
Fransız aktyor Alen Delonun vəsiyyətinə baxmayaraq, iti evtanaziya edilməyəcək.
Bu barədə aktrisa Bricit Bardotun Heyvanları Müalicə Fondu sənətçinin yaxınlarına istinadən X sosial şəbəkəsində məlumat yayıb.
Fondun nümayəndələri Lubo adlı belçikalı çoban iti üçün narahat olmamağa çağırıblar. “Lubo üçün narahat olmayın! Onun öz evi və ailəsi var, aktyorun bizə təsdiq etdiyi qohumları ona baxacaqlar. Lubo, əlbəttə ki, yatmayacaq!" - deyə mesajda bildirilir.
Fransanın AFP agentliyi Delonun avqustun 18-də səhər saatlarında dünyasını dəyişdiyini bildirib. Fransız aktyorun 88 yaşı var idi. Sənətçiyə xərçəng və alzheimer diaqnozu qoyulmuşdu.