Azərbaycanda ailələri polis qoruyacaq?
Ailə-məişət hadisələrinin qarşısının vaxtında alınması üçün mexanizm hazırlanmalıdır.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyunun 7-də Bakıda keçirilən Azərbaycan Hökumətinin BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasındakı dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edən Yekun Müşahidələrin müzakirəsində deyib. Onun sözlərinə görə, xalqda polisin bütün məsələlərə müdaxilə edə biləcəyi ilə bağlı inam var:
"Polis orqanlarının, sahə müvəkkilərinin ailə-məişət məsələlərinə, bu sahədə hadisələrə nəzarəti vacibdir. Tək polis deyil, bütün qurumların yerli idarələri hadisə baş vermədən öncə burada kimlərin məskunlaşdığını bilməlidirlər. Vətəndaşın qeydiyyatı olmasa belə risk altında olan ailələrin anında aşkarlanması və nəzarətdə saxlanılması həyata keçirilməlidir. Bununla bağlı əlaqəli işləmək lazımdır. Biz bu koordinasiyalı işi necə həyata keçirə bilərik? Biz hadisənin nəticələri ilə deyil, baş vermədən öncə səbəbləri ilə məşğul olmalıyıq".
B.Muradova bununla bağlı təhlükəsizlik orqanlarına da müraciət edib: "Hətta qanunda nəzərdə tutulmayan hallar olsa belə bununla intensiv iş aparmaq üçün mexanizm düşünmək lazımdır".
Məsələ ilə bağlı Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Cebhe.info"-ya açıqlamasında bildirib ki, qeyd edilən təkliflər QHT tərəfindən də səsləndirilib: "Məncə, bütün məsuliyyəti polisin üzərinə qoymaq doğru deyil. Qurumlar vaxtında öz fəaliyyətlərini icra etsələr, polisin müdaxiləsinə əlahəddə hallarda ehtiyac yarana bilər. Tutaq ki, şəxs icra hakimiyyətinə müraciət edir, problemin həlli ilə bağlı qəbula düşə, dəstək ala bilirmi? Yaxşı olar ki, belə hallar üçün bütün regionlarda xidmət göstərən mərkəzlər olsun. Problemin başlanğıcında bu mərkəzlərə müraciət edilsin, bu, həm ailələrin dağılmasına, həm də təhlükələrin azaldılmasına yardım edər".
O qeyd edib ki, hər rayon özünün gender xəritəsini, zorakılıqla üzləşən qadın və uşaqların xəritəsini hazırlayıb, Koordinasiya Şurasına təqdim etməlidir: "Polisin bütün ailələrə lazımlı- lazımsız müdaxiləsi də doğru olmaz. Bu baxımdan, məişət zorakılığı ilə mübarizə üzrə Milli kordinatora və Milli Koordinasiya Şurasına ehtiyac var.Mərkəzlər isə Sosial Xidmətlər Agentliyi tərəfindən yaradıla bilər. Lakin fasiləsiz fəaliyyət təmin edilməli, şəxslər əmin olmalıdır ki, onların müraciətlərinin məxfiliyini qoruyan və eləcə də pulsuz xidmət göstərən mərkəzlər var. Həmin mərkəzlər ehtiyac olarsa, polisə istiqamətləndirə bilər".