ETSN-in inkar etdiyi ağac kəsimi ilə bağlı Baş Prokurorluq cinayət işi açdı


Qusarda baş vermiş ekoloji hüquqpozmalar və digər qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə AFN.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.


Bildirilir ki, Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb.

Araşdırmalarla, vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub.

Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.

Cinayət işi nəzarətdə saxlanmaqla görülmüş tədbirlər, eləcə də ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir.

Qeyd edək ki, bir neçə gün əvvəl Qusarda ekofəallar bu məsələni gündəmə gətirmişdirlər. Sosial şəbəkələrdə və mediada yayımlanan materiallarda bütün qeyd edilənlər haqqında ətraflı məlumat verilir, aidiyyatı qurumlar baş verənlərin qarşısını almağa çağırılırdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin vaxt bizə təqdim edilən açıqlamada bildirilirdi ki, həmin ərazidə ağac kəsilməsi halları əvvəllər qeydə alınsa da, hazırda bunun qarşısı alınıb: "Son günlər sosial şəbəkələrdə və mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlarımız dünən və bu gün ərazidə olublar, son aylara aid yeni ağac qırıntısı faktları aşkar edilməyib. Ərazidə olan bütün ağaclar hələ 2023- cü ildə tərəfimizdən nömrələnib və siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib, həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi nəzarətə götürülüb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu