AYNA-nın piyada zolaqları ilə bağlı fəaliyyəti narazılıq yaratdı - ŞİKAYƏT+FOTOLAR


Redaksiyamıza Bakı sakinlərindən müraciət daxil olub: vətəndaşlar paytaxt küçələrində piyada zolaqlarının vəziyyətindən narahatdırlar.


AFN.az-a mövcud vəziyyəti əks etdirən görüntüləri təqdim edərək, sakinlər bir neçə ərazidə insanların həyatına ciddi təhlükələr olduğunu bildirirlər. Qeyd edilir ki, yollarda piyada keçidlərinin rənglənməsi funksiyası Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) keçəndən bəri zolaqlar, demək olar ki, yox olub.

Vətəndaş Elnur Alıyev bildirir ki, zolaqlar yenilənmir: "Əksər ərazilərdə solğunlaşıb, bəzi yerlərdə tam itib. İkil yarımdır "zebralar" rənglənmir. Mən elə bildim Dövlət Yol Polisi bununla məşğul olur, ora müraciət etdim, dedilər AYNA-ya verilib bu funksiya. Bu qurum da bu işin öhdəsindən gələ bilmir, yenilənmə illərlə aparılmır, neçə yerdə zolağın olmaması ucbatından qəzalar baş verib. Hətta belə qəzalardan biri mənim gözümün önündə olub. "Zebra"lar tamamilə silinib, görünmür çox yerdə. Bunları mən bir çox ərazilərdə müşahidə etmişəm, xüsusilə də Əhmədli, Qara Qarayev prospekti, Gəncə prospekti, "Xalqlar Dostluğu" ətrafı, R.Rüstəmov küçəsi, Cavanşir küçəsi kimi yerlərdə bu halı qeyd etmişəm. Mən bu problemi, demək olar ki, bütün TV-lərə bildirdim, xahiş etdim ki, gəlib çəkib ictimailəşdirsinlər, amma geridönüş etmədilər. Bir neçə sayta da müraciətim olub, dəyərləndirməyiblər. AYNA-nın özünə də saytları vasitəsilə müraciət etmişəm. Amma hələ bir xəbər yoxdur".

Mövzu ilə bağlı AYNA-dan AFN.az-ın sorğusuna cavab olaraq bildirildi ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi müxtəlif səbəblərdən baş verir: "Boyaların rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır. Silinən nişanlanma xətlərinin yenilənməsi isə plan üzrə mərhələli qaydada həyata keçirilir".

Mövzunu diqqətdə saxlayacağıq.




























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu