Oranqutan yarasını sağaltmaq üçün görün nə etdi...
Elm adamları oranqutan meymununun tropik bitkidən əldə etdiyi dərmanla yarasını müalicə etdiyini aşkar ediblər. Bu, bəzi heyvanların vəhşi təbiətdə tapılan dərmanlarla öz xəstəliklərini yüngülləşdirməyə çalışmasının ən bariz nümunəsi hesab edilir.
Alimlər oranqutanın Cənub-Şərqi Asiyada insanların ağrı və iltihabı müalicə etmək üçün istifadə etdiyi dərman bitkisinin yarpaqlarını yığıb çeynədiyini müşahidə ediblər.
Yetkin erkək oranqutan daha sonra barmaqları ilə bitki ekstraktlarını sağ yanağındakı zədəyə tətbiq edib. Sonra çeynənmiş bitkini müvəqqəti sarğı kimi açıq yaranın üstünə basıb.
Əvvəlki araşdırmalar, bir neçə böyük meymun növünün meşələrdə özlərini sağaltmaq üçün dərman topladığını üzə çıxarıb.
Almaniyanın Konstanz şəhərindəki Maks Plank Heyvan Davranışı İnstitutunun bioloqu, həmmüəllif İzabelle Laumer "İlk dəfədir ki, vəhşi heyvanın çox güclü dərman bitkisini birbaşa yaraya tətbiq etməsi müşahidə edilir" - deyə bildirib.
Elm adamları 1994-cü ildən İndoneziyanın Gunung Leuser Milli Parkında oranqutanları müşahidə edir, lakin daha əvvəl bu davranışı görməyiblər.