Lukaşenko: Biz Belarusu qaynar müharibədən qorumaq üçün hər şeyi edirik
Belarus hakimiyyəti ölkəni qaynar müharibədən qorumaq üçün hər şeyi edir.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko informasiya naziri Vladimir Pertsovu prezident administrasiyası rəhbərinin müavini təyin edərkən deyib.
“Biz ölkəni qaynar müharibədən qorumaq üçün hər şeyi edirik. İndiyə qədər biz uğur qazanmışıq. Düşünürəm ki, biz bu problemi həll edə biləcəyik - Belarus ərazisində həmişə olduğu kimi toqquşmanın qarşısını almağı bacaracağıq”, - deyə Lukaşenko bildirib.
Dövlət başçısı diqqətə çatdırıb ki, informasiya müharibəsinin təşəbbüskarı xaricdəki müxalifətdir: “Biz onların orada nə etdiklərini tamamilə bilirik. Onlar Amerikadan tutmuş Brüsselə qədər müxtəlif qərar qəbuletmə mərkəzlərinə və məsləhətçilərə qaçaraq pul istəyirlər".