Novella Cəfəroğlu: Arif Hacılı başqanlıqdan getməlidir
"İsa Qəmbərdən başqa başqan görmürəm. O, partiyaya başqan kimi qayıtmalıdır".
AFN.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, bu gün partiyaya rəhbərlik etməyə ən layiqli namizəd İsa Qəmbərdir:
"Arif Hacılı da layiqli başqan olub. Amma Arif bəy başqanlıqdan getməlidir. Bunun səbəbi var. Çünki nizamnaməyə görə, iki dəfədən artıq partiya başqanı seçilə bilməz. İsa bəyin qayıtması ilə siyasi mühüt diriləcək, həm canlanma olacaq, həm də dəyişikliklər. İsa Qəmbər illərdir ki, partiyanın içindədir. Onun hər şeydən əlavə nüfuzu var. İsa Qəmbərin qayıtması "Müsavat"ın yenidən gündəmə qayıtmasıdır".
Novella Cəfəroğlu hesab edir ki, İsa Qəmbərin qayıdışı siyasi arenaya yeni abı-hava gətirəcək:
"İsa Qəmbər böyük siyasətçidir. Arif Hacılı da yaxşı bir başqan olub, yaxın dostumdur. Hesab edirəm ki, İsa bəyin gəlişi hansısa dəyişikliyə gətirəcək. Hesab edirəm, müxalifət düşərgəsində siyasi mühüt dəyişməlidir. Torpaqlar qayıdıb. Avropa, Amerika və s. dövlətlər ermənilərin əli ilə Qafqazda hegemonluq eləmək istəyir. Vəziyyət elə də bizim ürəyimizcə deyil. Bunun üçün də hesab edirəm ki, həm ədalətli bir dövlət qurmalıyıq, həm də Azərbaycanı qorumalıyıq. Hərci-mərclik ola bilməz, hər tərəfimiz düşməndir. Onun üçün bir yol var - birləşmək və müxalifətin güclənməsi. Ədalətli dövlət qurmaq və güclü müxalifətlə güclü iqtidar birlikdə Azərbaycanı qorumalıdır".