Cənubi Koreyada bir qrup həkim səhiyyə nazirini vəzifəsindən sui-istifadə etməkdə ittiham edib
Cənubi Koreyada tibb fakültələrinə kvotaların artırılması ilə bağlı etirazlar davam edərkən, bir qrup həkim səhiyyə və rifah naziri Ço Kyo-honq və onun müavini Park Min-sunu vəzifələrindən sui-istifadə etməkdə günahlandırıb.
Yonhap-ın məlumatına görə, “gələcəyin həkimləri” kimi tanınan bir qrup həkim nazir Ço və nazir müavini Parka qarşı Korrupsiya İstintaq İdarəsinə şikayət edib.
Nazirliyin həkimlərin vəzifələrinə qayıtması və istefalarını qəbul etməməsi kimi göstərişlərinə reaksiya verən həkimlər Ço və Parkı vəzifələrindən sui-istifadə etməkdə ittiham ediblər.
Koreya Pediatriya Assosiasiyasından Lim Hyun-taek məsələ ilə bağlı verdiyi açıqlamada Ço və Park haqqında bunları deyib: "Onlar təxminən 13 min intern həkimin istirahət və istefa da daxil olmaqla qanuni hüquqlarından istifadə etməsinə mane olmaq üçün vəzifələrindən sui-istifadə ediblər".
Hökumət rəsmiləri isə bildirirlər ki, xalqın sağlamlığı üçün ciddi təhlükə ehtimalı varsa belə qərar və göstərişlər verilə bilər.
Cənubi Koreyanın Səhiyyə və Rifah Nazirliyi kənd yerlərində və mühüm tibb sahələrində səhiyyə xidmətlərinin qeyri-kafi olması səbəbindən tibb fakültəsi kvotalarını 2 min nəfər artırmaq qərarına gəlib.
Bunun üzərinə ölkədəki həkimlər fevralın 20-də başda paytaxt Seul olmaqla bir çox şəhərdə hökumətin planının tibbi təhsil və xidmətin keyfiyyətinə xələl gətirəcəyi səbəbilə etiraz aksiyaları təşkil etmiş və minlərlə təcrübəçi həkim istefa ərizəsi vermişdi.
Tibb professorları martın 16-da kvotaların artırılmasına etiraz edən intern həkimlərə hökumətin çarə tapmasını təmin etmək üçün martın 25-dən etibarən istefa ərizələrini işlədikləri universitetlərə təqdim edəcəklərini açıqlayıblar.