İsveçrənin Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
İsveçrənin Moskvadakı səfiri Marti Lanq ölkəsinin Rusiya aktivlərinə qarşı atdığı addımlara görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirlikdən verilən açıqlamada səfir Lanqın nazirliyə çağırıldığı və İsveçrə parlamentinin dondurulmuş Rusiya varlıqlarına həbs qoyulması istiqamətində atılan addımın pisləndiyi bildirilib.
Açıqlamada Rusiya mallarına həbs qoyulmasının beynəlxalq hüquqa zidd olduğu qiymətləndirilərək, Rusiyanın varlıqlarına təzminat mexanizmi adı altında hər hansı müdaxilənin dövlət səviyyəsində oğurluqdan başqa bir şey olmadığı vurğulanıb.
Bəyanatda qeyd olunub ki, səfir Lanq İsveçrənin konkret olaraq Rusiya aktivlərini ələ keçirmək üçün addımlar atacağı təqdirdə Rusiyanın da qarşılıqlı şəkildə addımlar atacağı ilə bağlı məlumatlandırılıb.
Martın 7-də İsveçrə parlamentində keçirilən səsvermədə Rusiyanın dondurulmuş aktivlərinin Ukrayna üçün istifadəsinə icazə verilib. Ölkənin Rusiyaya məxsus təxminən 9 milyard dollarlıq aktivlərini dondurduğu bildirilir.