Yeni ədliyyə naziri təyin edildi


Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.


AFN.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, 2000-ci ildən 2024-cü ilin fevralınadək Azərbaycanda ədliyyə naziri vəzifəsində Fikrət Məmmədov çalışıb. F.Məmmədov yeni formalaşdırılan hökumətdə yer almayıb.

Həmin vaxtdan nazir vəzifəsinin icrası Azər Məmməd oğlu Cəfərova həvalə edilmişdi.

Fərid Əhmədov nazir vəzifəsinə təyin edilənədək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsini tutub. O, 2022-ci ildən sözügedən vəzifəni icra edib.

2021-2022-ci illərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olan F.Əhmədov 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru vəzifəsini də tutub. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur.

Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. 2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb. Həmçinin 2016-cı ildə “Oksford” Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.

Əmək fəaliyyətinə gəlincə, F.Əhmədov 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi işə başlayıb. 2004–2006-cı illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006–2007-ci illərdə Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2007–2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb.

Ailəlidir, üç övladı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu