Airbus yeni modelinin xidmətə girmə tarixini təxirə saldı
Airbus çoxdan gözlənilən A321XLR modelinin xidmətə girmə tarixinin bir daha, 2024-cü ilin üçüncü rübünə qədər təxirə salındığını açıqlayıb.
A321-in bu modelinin ilk xidmətə girmə tarixi 2023-cü il olaraq təyin olunmuşdu. Avropa aviasiya tənzimləyicisi EASA modelə daxil edilən əlavə arxa yanacaq çəni ilə bağlı narahatlığını ifadə etdikdən sonra tarix bu ilin əvvəlinə dəyişdirilmişdi.
Airbus hazırda A321XLR üçün sertifikatlaşdırmanın yekun mərhələsində olduğunu və təyyarənin bu ilin üçüncü rübündə göndərilməyə hazır olacağını açıqlayıb.
Bu gecikmə Baş İcraçı Guillaume Faurinin gözləniləndən bir az daha uzun sürdüyünü etiraf etdiyi sertifikatlaşdırma prosesi ilə bağlı olub.
Fauri bildirib ki, arxa yanacaq çəninin dizayn dəyişiklikləri məsafəni 370 km azaltmaq potensialına malik olsa da, hazırda bu problemlər həll olunub.
İstehsalın gedişatından məmnunluğunu deyən Fauri, proqram işə salındıqda hədəflənmiş gözləntilərə nail olacaqlarını əlavə edib.
Çox populyar A320 təyyarə ailəsinin bir hissəsi olan A321XLR tək keçidli bazarda A321-in ən yeni modelidir.
Daha geniş uçuş məsafəsi və faydalı yük təklif edən dar gövdəli təyyarə kimi aviaşirkətlərin tələblərinə cavab vermək üçün hazırlanmış A321XLR əvvəlki yeni nəsil təyyarələrlə müqayisədə 30 faiz daha az yanacaq sərfiyyatı ilə 8700 km uçuş məsafəsi təklif edəcək.
Əlavə gecikmələrə baxmayaraq, aviaşirkətlər arasında A321XLR proqramına güclü maraq qalmaqdadır. Bu günə qədər Airbus A321neo ailəsi üçün ümumilikdə 6100 sifariş alıb. Bunların arasında 27 aviaşirkətdən 550 ədəd A321XLR sifarişi var.