5 aydır mədəniyyət naziri məni qəbul etmir... - Yaşar Nurinin xanımı Adil Kərimlidən narazılıq etdi


“Yaşarın sağlığında dövlət onun üçün lazımı qədər hər şey edib. Artıqlaması ilə. Onun heç nəyə ehtiyacı olmayıb. Dünyasını dəyişən sənətkarların ailə üzvlərinin həyatı ilə maraqlanan yoxdur. Mən bunu olduğu kimi deyirəm”.


Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib. O daha sonra əlavə edib.

“Bundan əvvəlki mədəniyyət nazirinin qəbuluna 4 dəfə yazılmışdım. Dedilər ki, iclasdadır, burda yoxdur, xaricdədir. Mən il yarım onun qəbuluna düşə bilmədim. Son dəfə qəbuluna yazılanda dedilər ki, “Salyanda fiziki şəxsləri qəbul edir, ora gedin”. Dedim ki, nə danışırsınız?! Mən o boyda şöhrətli aktyorun həyat yoldaşıyam, burdan Salyana getməliyəm ki, nədir-nədir nazirlə görüşəcəm?! Bəs siz nə üçün orada oturmusunuz?! Bu elə bir mövzu idi ki, sənətin inkişafına böyük dəstək ola bilərdi. İki dəfə də yeni nazirin qəbuluna yazılmışam. Artıq 5 aydır vaxtımdan keçib, məni heç kim qəbul etmir. Heç kimdən çəkinmirəm. Mən indi sağam, Yaşar haqda nə istəyirlərsə gedib bağdan gətirib, çatdırıram hər kəsə. Bu irsi yaşatmaq lazımdır. Mən demirəm ki, bağda Yaşarın muzeyini yaratsınlar. Teatrın, kinonun inkişafında Yaşarın xidmətləri əvəzsizdir. Onun televiziya tamaşaları bu gün göstərilməlidir, gənc nəslə nümunə çəkilməlidir. “Səni axtarıram” televiziya tamaşasında cavanlar saf sevgini görməlidirlər. Oturub tik-tokda, yutubda fenomenləri izləyirlər. Uşaqlar bu cür tamaşaları izləməlidir. Sosial verilişləri doldurublar efirlərə. Bu gün başqa şeylər təbliğ edilir. Nazirin qəbuluna gedib xahiş edəcəkdim ki, Yaşarın oynadığı əsərləri təhlil edənlərdən ibarət bir qrup yaratsın. Həmin əsərlər, obrazlar insanların gözü qarşısında təhlil olunsun” deyə sənətkar bildirib.

Aktyorun xanımı dünyadan köçmüş sənətkarların arxasınca danışanlardan da danışıb.

“Hər kəsin öz şəxsi həyatı, problemi var. O ailənin içində olan problemdir. Onu qabardıb, başqa rəng vermək düzgün deyil. Bu gün sosial verilişlərdə dünyasını dəyişən sənətkarlar haqda olmazın sözlər danışırlar. O insan həyatda yoxdursa haqqında danışmasınlar. Sağlıqlarında danışsaydılar cavablarını alardılar. Onlar bilirlər ki, həmin insanlar dünyalarını dəyişib, ona görə danışırlar. Bilirlər ki, cavab gəlməyəcək. Sənətkarı gözdən salmaq olmaz. Jurnalist əgər sənətkar haqda tənqid yazırsa, çağırın görüm o sənət haqqında nə bilir?! Sənəti ortaya qoyub hallandırmaq lazımdır. Yaşar haqqında sözün düzü heç nə eşitməmişəm. Bircə onu deyirlər ki, yeyib-içən olub, onu da deyirəm ki, əcəb edib. Kiminsə ona görə mənə sualı varsa, lazımı cavabını yerində verərəm. Gəzib, kef edib, yeyib-içib. Sənətkardır! Sənətkara hər şey olar. Əsas ailəsinə baxın, ailəsinin yanında olub” deyə o bildirib.

Rəhimə Nuriyeva aktyor Nofəl Şahlaroğlunun sənətkar haqda dediyi sözlərə münasibətini bildirib.
“Nofəl deyib-deyib də. O dəqiqə götürüb işıqlandırıblar. 30 il bundan əvvəl hansı geylikdən söhbət gedə bilərdi?! Onda gərək bütün tarixi vərəqləyək, kim hansı rolu oynayıbsa demək ki, o odur?! Küçə qadını rolunu oynayanlar küçə qadını sayılır?! Gör insan nə qədər cılız olmalıdır ki, belə şeylərə önəm versin. Aktyor tamaşaçını inandırmalıdır” deyə sənətkarın xanımı bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu