Almaniya şirkətinin hər fürsətdə əlini büdcə vəsaitlərinə uzatması maraqlıdır - ekspert Bakının Baş Planı haqda


Bakı şəhərinin Baş Planı təqdim olunub. Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet saytında yerləşdirilib, özü də məşhur filmdə deyildiyi kimi - izahlı. Baş Plan “AS+P Albert Speer+Partneer GMBH” şirkəti (Almaniya) tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) sifarişi əsasında hazırlanıb. Layihə qrafika və mətn hissədən ibarət olmaqla 226 səhifəlik bir sənəddir.


AFN.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı paytaxtın Baş Planı ilə bağlı fikirlərini bölüşüb. "Əsasən Bakı şəhərinin 2040-cı ilə qədər inkişafını nəzərdə tutan sənəd 2020-2027-ci və 2028-2040-cı illəri əhatə edəcək 2 mərhələdə reallaşacaq. "Qeyd olunan müddət ərzində ümumilikdə paytaxtın müxtəlif istiqamətli inkişaf-şəhərsalma konsepsiyası üçün nəzərdə tutulan maliyyə vəsaitinin məbləği 93,5 milyard manatdan bir qədər artıqdır. Həmin məbləğin 33 milyard manatdan çoxu bilavasitə özəl investisiya mənbələri hesabına, qalan 60,5 milyard manatı isə dövlət (büdcə və s.) və dövlət+özəl maliyyə mənbələri hesabına qarşılanacaq" - deyə R.Osmanlı bildirib.
Layihənin icrasına iki qurumun nəzarət edəcəyi sənəddə öz əksini tapır ki, burada da əsas arbitr Şəhərsalma Komitəsidir: "Əsas oyunçuların və bir sıra icraçı qurumların proqramdan sıxışdırılıb çıxarılmasını sürpriz hesab etmək olar, bu barədə növbəti şərhlərdə. Diqqəti çəkən ikinci - İnvestisiya Holdinqinin nəzdində yaradılması nəzərdə tutulan Azərbaycan İnkişaf Korporasiyası adlı (!) yeni qurumdur. Mənə tam aydın olmayan Bakının Baş Planının icrası ilə bağlı nəzərdə tutulan ikinci dərəcəli qurumun bütün ölkə coğrafiyasına hesablanması ilə bağlı olan məqamdır. Nəhayət burada bir istiqamət də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunmalı olan vacib bir sənəd var ki, CİS (Coğrafi İnformasoya Sistemi) adlanır və hələ ki, hazır deyil. Arzu edək ki, Xidmət bu sənədi tez bir zamanda ortaya qoysun. Bu, layihənin ərazi fəaliyyət planlaması və rayonlar və fərdi torpaq sahələrinin müəyyən olunması üçün çox vacibdir".



Ekspert qeyd edib ki, layihədə ən diqqət çəkən məqamlardan biri də DÖƏ-nin (dövlət-özəl əməkdaşlığı) qurulması məqsədi ilə Köməkçi Korporasiyaların (?) yaradılması məsələsidir: "Açığı bu layihəni əvvəlki kimi Asiya ölkələrindən birində fəaliyyət göstərən bir şirkət hazırlamış olsaydı bu məsələnin üzərindən sakit keçmək olardı. Amma Almaniyada fəaliyyət göstərən bir şirkətin hər fürsətdə əlini dövlətə tərəf, büdcə vəsaitlərinə uzatması maraqlı görünür və adam burda bir azərbaycanlı barmağının olmasından şübhələnir. Təki şübhələrimizdə yanılaq".
R.Osmanlının sözlərinə görə, Baş Planda infrastrukturla bağlı geniş proqramların nəzərdə tutulması, ictimai nəqliyyatın inkişafı, avtomobilləşmənin təşviqi, alternativ enerjiyə diqqətin artırılması, yaşıl və sağlam ətraf mühitin inkişaf etdirilməsi təqdirəlayiqdir: "Qeyd olunan rəqəmlər reallaşarsa ümid edirəm ki, 2040-cı ilin Bakısı tamamilə fərqli bir şəhər olacaqdır. Amma ekosistemin əsas sahələrindən biri olan tikinti sektoru, xüsusilə mənzil tikintisi deyəsən priorotetlərdən uzaqlaşıb, ya da başqa şəhərlərə doğru uzanıb. Belə olmasaydı 2027-ci ildə adambaşına düşən mənzil sahəsi 23,6 kv.m-dən cəmi 1,2 kv.m artımla 2040-cı ildə 24,8-də dayanmazdı…
Ən maraqlı və layihənin ilkin mərhələsi üçün nəzərdə tutulan “Ulduz” metrostansiyası ətrafındakı 100 ha-lıq sənaye ərazisinin yenidən qurulması və H.Əliyev Beynəlxalq Hava Limanı yaxınlığında yeni xidmət sahələrinin (?) inkişafı ilə bağlı prioritetlərdir. Xüsusilə “Ulduz” tərəfdəki sənaye istiqamətinin içərisində ölkənin inşaat materialları idxalının azaldılması sənəddə xüsusi olaraq qabardılır, amma bunun təqribən 3-4 kilometr ərazidə yaradılacaq 60 ha-lıq Böyükşor ekoloji parkına uyğun olub-olmaması yaddan çıxarılır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu