Ayı kimi yatmağı öyrənmək həyatınızı xilas edə bilər


Avropalı alimlərin araşdırmasına görə, ayı kimi yatmağı öyrənmək insanların həyatını xilas edə bilər.


İsveçin Örebro Universitet Xəstəxanasında çalışan kardioloq Ole Frobert Almaniyanın Münhen Lüdviq Maksimilian Universitetinin alimləri ilə qış yuxusuna gedən ayıların bədənlərindəki dəyişiklikləri araşdırıb.

Tədqiqatçılar qış yuxusundan oyanan ayılarda HSP47 adlı zülalın miqdarının azaldığını müəyyən ediblər. Qan laxtalarının əmələ gəlməsində iştirak edən hüceyrə hissələrinin səthindəki bu zülal qan hüceyrələrinin bir-birinə yapışmasını təmin edir.

Məsələn, kəsikdən sonra qan laxtası əmələ gəldikdə, HSP47 qanaxmanın dayandırılmasını və sağalma prosesinin başlamasını mümkün edir. Ancaq damarlarda qan laxtalanması təbii yolla həll edilmədikdə, ölümcül ola bilər.

Tədqiqatçılar onurğa beyni zədəsi olan xəstələrdə HSP47 zülalının aşağı səviyyəsini də müşahidə ediblər. Bu fərdlərdə qış yuxusuna gedən ayılar qədər qan laxtalanmır.

Frobert bildirib ki, qış yuxusu əslində enerjiyə qənaət və bərpa formasıdır. Alim bu proses zamanı ayıların ürək döyüntülərinin əhəmiyyətli dərəcədə yavaşladığına diqqət çəkib.

Kardioloq bu zülalın təsirini yaradacaq dərman üzərində işlədiklərini deyib. 10 il sonra hazır olması gözlənilən yeni məhsulun bazarda mövcud olan qan laxtalanmasının qarşısını alan dərmanlarla müqayisədə daha az yan təsirə səbəb olması hədəflənib.

Tədqiqatda iştirak edən alman akademik Manuela Thienel deyib: “Doğrudan da təbiətdən çox şey öyrənə bilərsiniz”. Bu araşdırma üçün Thienel və Frobertin komandası helikopterlə İsveçdə ayıları izləyib, onların yuvalarını tapıb, heyvanları anesteziya edib və qan nümunələri götürüb.

Tədqiqatı NASA və Alman Aerokosmik Mərkəzi maliyyələşdirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu