Naxçıvanın deputatı təhsil şöbəsini məhkəməyə verdi
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin deputatı Esmira Həsənova Naxçıvan Şəhər Təhsil Şöbəsini məhkəməyə verib.
Onun iddiasına Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. İş hakim Gülsüm Əliyevanın icraatındadır.
Esmira Həsənovanın iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Araşdırmalarımız zamanı məlum olub ki, Esmira Həsənova Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyib.
O, bu ilin sentyabrında Naxçıvan MR təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, təhsil nazirinin müavini Ovni Muradovun əmrinə əsasən işdən çıxarılıb.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Esmira Həsənova 21 saylı Seçki Dairəsindən Naxçıvan MR Ali Məclisinin deputatı seçilib. O, Ali Məclisin Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri komitəsinin və İnztizam komissiyasının üzvdür.