“Niyə onların qohumları VİP salondan istifadə edə bilir, deputatın yox?”
“Əvvəllər millət vəkilləri xarici ölkələrə gedəndə ailə üzvlərini yanlarında apara bilirdilər. Sonra onların özləri olmadan da övladı və həyat yoldaşı VİP salondan istifadə edə bilirdi”.
AFN.az xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin keçirilən plenar iclasında bildirib.
O qeyd edib ki, bu qanun hər yerdə belədir: “Hətta əvvəl millət vəkili olub sonra olmayanlar da VİP salondan istifadə edə bilirdi. İndi qayda belədir ki, özün gedirsənsə, istifadə edə bilərsən. Amma özün getmirsənsə, sənin ailə üzvlərin orada gedə bilməz”.
S.Rüstəmxanlının sözlərinə görə, bu məsələdə millət vəkillərinə fərqli münasibət var: “O VİP salonlarda ticarət adamları, vəzifəli şəxslərin qohumları rahat gəlib-gedirlər. Amma millət vəkilləri bundan istifadə edə bilmir. Niyə belə ögey münasibət olmalıdır? Mən istəyirəm, bu məsələ bizim aidiyyəti orqanların qarşısında qaldırılsın.
Bundan başqa, məsələn, mən təxminən otuz ildir ki, bizim pansionatda qalıram. İkiotaqlı mənzilim var. Mənim bütün yazı-pozu işlərim ora ilə bağlıdır. Sakit bir yerdir, amma orada biznesmen kimi qalıram. Başa düşmürəm, mən biznesmenəm? Hətta hökumət işçiləri orada güzəştli şəkildə qalır, amma onlardan aşağı maaş alan millət vəkili, yəni mən belə qala bilmirəm. Məcburam orada qalam, başqa imkan yoxdur. Məndən biznes uçotu ilə, biznes müqavilələri ilə illik pul alırlar. Bu, harada görülüb? Niyə görə belə olmalıdır? Nazirlər Kabinetinin işçiləri, başqa strukturların işçiləri normal qiymətlə qalırlar, bizdən isə iki-üç dəfə artıq pul tələb edirlər. Mən buna millət vəkilinin statusunun aşağı salınması kimi baxıram”.