"Berlin divarı"nın yıxılmasından 34 il ötür


İkinci Dünya Müharibəsindən sonra şərq və qərbə bölünən Almaniyada Berlini iki yerə bölən “Utanc Divarı” kimi tanınan Berlin Divarının yıxılmasından 34 il ötür.


Almanlar Berlini 28 il ayıran 156 kilometr uzunluğundakı “Utanc Divarı”nı 1989-cu ildə söküblər.

Həm Almaniya, həm də Avropa üçün dönüş nöqtəsi olan 9 noyabr 1989-cu ildə Berlin divarının uçması ilə Şərqi Almaniya və ya Almaniya Demokratik Respublikası (ADR) rejimi sona çatdı və Avropada sosialist bloku yox oldu.

1949-1961-ci illər arasında iqtisadiyyatı pisləşən Şərqi Almaniyadan təxminən 3 milyon insan, xüsusən də təhsilli və ixtisaslı gənclər Qərbə qaçdı.

Bu qaçışların qarşısını almaq üçün ADR administrasiyası 1961-ci il avqustun 12-i şənbə gecəsi Berlində sərhədi gizli şəkildə bağlamaq qərarına gəldi.

62 il əvvəl, avqustun 13-də səhər saatlarında Şərqi Alman əsgərləri sovet administrasiyasının yerləşdiyi ərazini tikanlı məftillərlə bağlayıblar. Bu məftillər qaçışların qarşısını ala bilməyəndə avqustun 17-nə keçən gecə 3,6 metr hündürlüyündə Berlin divarı tikilməyə başlandı.

Şərqi Almaniyadakı insanların Qərbi Almaniyaya (Almaniya Federativ Respublikası) qaçmasının qarşısını almaq üçün 1961-ci ildə inşa edilən 156 kilometr uzunluğundakı beton divar illərdir Soyuq Müharibənin simvolu olaraq varlığını davam etdirib.

186 gözətçi qülləsi ilə divarı keçərək Qərbi Almaniyaya çatmaq istəyərkən 138 nəfər həyatını itirdi, lakin 9 noyabr 1989-cu ildə divar yıxılana qədər 5075 nəfər maneəni aşaraq Qərbə qaçmağı bacardı.

20-ci əsrdə “soyuq müharibə”nin simvolu olan Berlin divarının yıxılması ölkənin birləşməsi istiqamətində atılan mühüm addımlar sırasındadır.

Şərqi və Qərbi Almaniyanın birləşməsi hər il oktyabrın 3-də keçirilən rəsmi mərasimlərlə qeyd olunur. Oktyabrın 3-də bayram günü olan mərasimlərdə bütün dövlət rəsmiləri iştirak edir. Birləşmə əslində Berlin Divarının yıxıldığı gün, noyabrın 9-da baş tutmalı idi. Lakin 1938-ci ildə nasistlərin yəhudilərin evlərinə, iş yerlərinə və sinaqoqlarına hücum etdiyi 9 noyabr tarixə Kristallnacht adı ilə daxil olduğu üçün birləşmə günü kimi qeyd olunmur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu