Emin Əmrullayev: Uşaqları səhv etməyə öyrəşdirmək lazımdır
Uşaqlarımızı qorxmayıb, səhv etməyə öyrəşdirmək lazımdır.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Təhsilin İnkişafı Forumu 2023"də çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, innovativ inkişafdan danışanda iki istiqamətə nəzər salmalıyıq: "Birinci istiqamət ümumi davranış, münasibətlər, dəyərlər prizmasıdır. Yəni bizim baxışımız innovativ düşüncəni nə qədər dəstəkləyir?! İnnovativ inkişaf risklə bağlıdır. Riski sevmirsənsə, innovasiya ilə məşğul olmaq o qədər çətindir. İkinci bir məsələ səhv etmək və səhvlərə olan münasibətdir. Səhv etmək çox vacib öyrənmə elementidir. Şagird səhv edəndə onun səhvi üzərindən daha yaxşı öyrətmək mümkündür. Nəinki onu səhv etməkdən qorxmağa öyrəşdirmək.
Bu olduqca önəmlidir. Bu da qonşudan, cəmiyyətdən, dostlardan, ailədən gəlir. Səhv etməkdən qorxan, başqasının səhvini qabardıb heç nə etməyən insanlarla innovasiya etmək çətindir. Uşaqlarımıza qorxmadan nəsə etməyə cəhd et fikrini nə qədər aşılasaq, daha yaxşı nəticələr əldə etmək olar".
Nazir deyib ki, ikinci məsələ səriştələrlə bağlıdır: "Həqiqətən səriştəli bir adam innovasiya edə bilər. Bu da özlüyündə iki yanaşmaya ayrıla bilər. Son dövrlərin startaplarına baxsaq, bunların bir qismi sadə bacarıq üzərində yaranıb. Bu, başqasına satmaq bacarığıdır. Geniş anlamda satmaq bacarığı da vacibdir. Bəzi hallarda nəyisə satmaq, kimdənsə pul istəmək ayıb hesab edilməməlidir. İnnovasiyaların bir qismi buradan yaranır. Satışda, marketinqdə bacarığı olanlar daha çox mənfəət əldə edirlər, nəinki məhsulu yaradanlar. İkincisi də məhsul yaradanlardır.
Bizdə yanlış fikir formalaşmamalıdır ki, bir yerə yığışıb innovasiyalardan danışsaq, innovasiyalar yaradılacaq. Bu, zərurətdir, olmalıdır. Amma bundan vacibi məhsulu yarada biləcək səriştəli şəxsləri ortaya çıxaracaq fundamental biliklərdir. Məsələn, mobil telefonları yaratmaq üçün yüksək riyazi biliklər tələb olunur. Bu, bir ilin, beş ilin işi deyil. Ona görə də biz çalışırıq ki, daha çox uşaq məktəbəqədər təhsilə getsin, daha çox uşaq rəqəmsal bacarıqlara cəlb olunsun. Məktəblərdə STEAM kabinetləri yaradılır. Zamanla hesab edirəm ki, biz də buna nail olacağıq. Düzdür, ola bilsin ki, işlərimiz yavaş gedir. Lakin əvvəlki onilliklə müqayisədə daha yaxşı yerdəyik".
Nazir qeyd edib ki, ümumilikdə ali təhsil müəssisələrimizin səriştəlilik bacarığı qalxıb, nəinki aşağı düşür: "Düzdür, gözləntilərimizdən nə qədər azdır, nə qədər çoxdur məsələsi müzakirə oluna bilər. Amma əsas odur ki, inkişaf gedir".
Emin Əmrullayev, həmçinin vurğulayıb ki, 3 universitetimizin top 800 universitet sırasına düşəcəyi proqnozlaşdırılır: "Yaxın 3-4 ildə bunu görəcəyimizə inanırıq".