Bakıda moped sürücüsünü bıçaqla hədələdilər: “Soxaram, ciyərini çıxardaram sənin!” - FOTO
Bakıda moped sürücüsü hədələnib.
AFN.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrə məlumat yayılıb.
Belə ki, “KIA Optima” markalı 90-HJ-989 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtda qayda pozub.
Moped sürücüsü ona irad bildirib. Nəticədə həmin şəxs onu bıçaqla hədələyərək deyib ki, bıçağı soxub, ciyərini çıxardaram sənin.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev sorğuya cavab olaraq bildirib ki, sosial şəbəkələrdə moped sürücüsünün soyuq silahla hədələnməsi ilə bağlı paylaşılan görüntülər araşdırılıb:
“Polis əməkdaşları tərəfindən əməli törədən N.Vəliyev müəyyən olunaraq saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.