Rusiya hərbi gəmisi Qara dənizdə quru yük gəmisinə atəş açıb
Rusiya Müdafiə Nazirliyi Qara dənizdəki Ukrayna limanına doğru hərəkət edən quru yük gəmisinə xəbərdarlıq atəşi açıldığını açıqlayıb.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, Rusiyanın “Vasili Bıkov” patrul gəmisi Qara dənizin cənub-qərbində Palau bayraqlı “Şükrü Okan” quru yük gəmisini müşahidə edib.
Gəminin Ukraynanın İzmail limanına doğru hərəkət etdiyinə dair məlumatların yer aldığı açıqlamada, "Quru yük gəmisinin kapitanı qadağan olunmuş yüklərin daşınması üçün yoxlamanın dayandırılması tələbinə cavab vermədi. Rusiya hərbi gəmisi gəmini zorla dayandırmaq üçün avtomatik kiçik silahla xəbərdarlıq atəşi açdı" - deyə bildirilib.
Həmçinin Rusiya əsgərlərini daşıyan “Ka-29” tipli helikopterin gəminin yoxlanılması üçün havaya qalxdığı qeyd edilib və radio danışıqlarından sonra gəminin dayandığı, yoxlama qrupunun quru yük gəmisinə mindiyi qeyd edilib. Yoxlama qrupunun işləri tamamlandıqdan sonra Şükrü Okan gəmisi İzmail limanına doğru yoluna davam edib.
Rusiya Müdafiə Nazirliyinin iyulun 19-da verdiyi açıqlamada Ukrayna limanlarına gedən bütün gəmilərin “potensial hərbi yükdaşıyıcı” kimi qəbul ediləcəyi bildirilib.