Niger üsyançılarının lideri yeni hökuməti elan edib
Nigerdə hakimiyyəti ələ keçirən üsyançıların lideri general Abdurahman Tçiani keçid hökumətinin yaradılması haqqında fərman imzalayıb.
"ActuNiger" portalının məlumatına görə, kabinetə 21 nazir daxil olub - onların mütləq azlığının hərbi rütbələri var.
Qeyd edək ki, iyulun 26-da Niger Prezident Qvardiyasının üzvləri milli televiziya ilə çıxış edərək, dövlət başçısı Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını, sərhədlərin bağlandığını və komendant saatı tətbiq olunduğunu bəyan ediblər. Bundan əvvəl mühafizəçilər paytaxt Niameydə prezident sarayının qarşısını kəsmişdilər. Qvardiyanın komandiri general Abdurahman Tçiani Vətəni Müdafiə Milli Şurasının rəhbəri kimi televiziyaya çıxıb. Ordu komandanlığı üsyançılarla həmrəy olduğunu bəyan edib. Bir çox ölkələrin liderləri çevrilişi pisləyib. Ötən gecə Fransa hərbi qüvvələrinin Niger Milli Qvardiyasının obyektlərinə zərbələr endirdiyi barədə xəbərlər yayılıb. Buna baxmayaraq, paytaxt Niameydə vəziyyət sakitdir.