Uşaqlarda davamlı baş ağrıları ilə bağlı pediatr məsləhəti
"Uşaq heç bir səbəb olmadan baş ağrısı, başgicəllənmə, daimi yorğunluqdan şikayətlənirsə, valideynlər buna diqqət yetirməlidirlər. Əlavə olaraq yeniyetmələrdə qan təzyiqinə nəzarət olunmalıdır, xüsusən də qohumlarda belə bir problem varsa".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova bildirib.
Onun sözlərinə görə, körpə planlı şəkildə 1, 3, 6 və 12 aylarında, 1 yaşdan sonra isə ildə bir dəfə nevroloqun konsultasiyasından keçməlidir. Həkim alınan nəticələrdən asılı olaraq əlavə müayinə və müalicənin təyin olunduğunu söyləyib:
"Dissomniya - uşaqlarda gecə yuxusunun müxtəlif pozulmaları ilə qarşılaşdığı, heç bir görünən səbəb olmadan tez-tez oyanma, gecə qorxuları, yuxu keyfiyyətinin ödənilməməsi ilə ifadə olunan patoloji vəziyyətdir. 2-3 yaşa qədər körpələr üçün yuxu əsas ehtiyacdır, onsuz bədənin fiziki və zehni funksiyalarının sağlam inkişafı praktiki olaraq mümkün deyil".
Həkim-pediatr uşaqlarda yuxu pozğunluğunun əsas səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, bunlar aşağıdakılardır:
- Sağlam yuxu şəraitinin düzgün təşkil edilməməsi: uşaq axşam saatlarında aktiv oyunlar oynadıqda, filmlər seyr etdikdə, çox şirniyyat yedikdə;
- Müxtəlif somatik xəstəliklər ümumiyyətlə uşağın vəziyyətinə mənfi təsir göstərir, xüsusən də yüksək hərarət, bağırsaq sancıları;
- Mərkəzi sinir sisteminin zədələnmələri, psixonevroloji pozğunluqlar.