Londonun tarixi binaları dağılır
Ekstremal hava hadisələri fonunda - quraq yay və rütubətli qış - Londonun bir çox tarixi binaları əyilməyə və çatlamağa başlayıb.
İqlim dəyişikliyi səbəbindən Britaniya paytaxtında binaların dağılması haqda "Bloomberg"ə müsahibə verən ekspertlər danışıblar. Mütəxəssislərin fikrincə, təkcə Londonda deyil, həm də Böyük Britaniyanın mərkəzi və cənub-şərqində yerləşən binalar qlobal istiləşmənin təsirindən əziyyət çəkir. Britaniya Geoloji Xidmətinin mühəndisi Li Consun sözlərinə görə, buna səbəb torpaqdakı unikal gildir, hava dəyişikliyinə reaksiya verir, binaların və yolların vəziyyətinə təsir göstərir. "İqlim nə qədər rütubətli olarsa, gil bir o qədər şişir və genişlənir, quruduqca da büzülür və çatlayır", - deyə ekspert izah edib.
"Bloomberg" analitiklərinin hesablamalarına görə, 1990-cı ildə Londondakı binaların yalnız 20 faizi çökmə təhlükəsi ilə üzləşib. 2030-cu ildə belə binaların payı 43 faizə, 2070-ci ildə isə 57 faizə yüksələcək. Eyni zamanda, ən böyük dağıntı ehtimalı tarixi binaların üstünlük təşkil etdiyi Britaniya paytaxtının mərkəzi və şimal hissəsindədir.
İqlim böhranı həm də onilliklər ərzində ən böyük sığorta ödənişlərinə səbəb olub. Məsələn, Britaniya Sığortaçılar Assosiasiyasının məlumatına görə, Britaniya sığortaçıları 2022-ci ildə dəymiş ziyana görə 281 milyon dollar ödəyəcəklər. Mütəxəssislərin fikrincə, çoxlu zənglər 2022-ci ilin yayında rekord yüksək temperaturla bağlı olub.
Britaniyanın əmlak itkisi firması "Aspray Ltd"nin meneceri Entoni Baddeli bildirib ki, Böyük Britaniyada bir çox evlər çökən gil üzərində tikilir və xüsusilə quru hava əmlakın sürüşməsinə səbəb ola bilər. Ekspert proqnozlaşdırır ki, çökmə Londonun əksər evlərini yaşayış üçün yararsız hala sala bilər, çünki hər altı evdən biri 1900-cü illərdə belə yüksək temperatur nəzərə alınmadan tikilib.