Avropa İttifaqı binaların enerji səmərəliliyini artıracaq
Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ölkələrində binaların enerji göstəricilərini artıracaq və karbon emissiyalarını azaldacaq qanunu təsdiqləyib.
Fransanın Strasburq şəhərində keçirilən AP Baş Assambleyasının iclasında binalarda enerji performansı qaydalarını dəyişdirəcək qanun 370 “Hə” və 199 “Xeyr” səsi ilə qəbul edilib.
Yeni qaydalara əsasən binaların enerji istehlakı və istixana qazı emissiyaları azalacaq.
Ən pis vəziyyətdə olan binalar daha tez yenilənəcək.
Aİ ölkələrində 2028-ci ilə qədər yeni ictimai binalar, 2030-cu ilə qədər isə bütün digər yeni binalar sıfır emissiya olmalıdır.
Yaşayış məntəqələrində istifadə olunan enerjinin 2030-cu ilə qədər ən azı 16 faiz, 2035-ci ilə qədər isə ən azı 20 faiz azaldılması üçün tədbirlər görüləcək.
Üzv ölkələr 2030-cu ilə qədər ən pis fəaliyyət göstərən qeyri-yaşayış binalarının 16 faizini, 2033-cü ilə qədər isə 26 faizini bərpa edəcəklər.
Texniki və iqtisadi cəhətdən əlverişli olan binalarda günəş enerjisi panellərinin quraşdırılması sürətləndiriləcək.
Qalıq yanacaqla işləyən istilik sistemləri və qazanxanalar mərhələli şəkildə ləğv ediləcək. Üzv ölkələr 2040-cı ilə qədər isitmə və soyutmada qalıq yanacaqların mərhələli şəkildə dayandırılması üçün tədbirlər görəcəklər.
Qalıq yanacaq sistemləri üçün subsidiyalar 2025-ci ilədən qadağan ediləcək.
Tarixi binalar və kənd təsərrüfatı fəaliyyətlərində istifadə edilən tikililər bu qaydalardan azad ediləcək.