Fransada iğtişaşlar 500-dən çox bölgəni əhatə edib
Gənc sürücü polis gülləsi ilə öldürüldükdən sonra Fransanın 500-dən çox bölgəsi iğtişaşlara şahid olub.
AFN.az ölkə mediasına istinadən bildirir ki, bu barədə Fransa hökumətinin sözçüsü Olivye Veran bildirib. O, Nazirlər Şurasının iclasından sonra mətbuata verdiyi açıqlamada, 27 iyunda Nael M. adlı gəncin polis gülləsi ilə öldürülməsindən sonra 500-dən çox bölgədə etiraz aksiyalarının keçirildiyini qeyd edib.
Etirazların keçirildiyi bu bölgələrin zorakılığa səhnə olduğunu deyən Veran bunların qəbuledilməz və dözülməz olduğunu şərh edib.
Hökumətin ədalətin üzə çıxmasını və nizam-intizamın bərpasını istədiyini vurğulayan Veran, cümə axşamından etibarən ölkə daxilində 45 min polis əməkdaşının yerləşdirildiyini xatırladıb və hökumətin rəqəmsal mühiti diqqətlə izlədiyini vurğulayıb.
Böyük miqyaslı sosial media platformalarının Fransanın etirazlarla bağlı bildirdiyi məzmunu sildiyini qeyd edən Veran, Fransa prezidenti Emmanuel Makronun lazım gələrsə sosial mediaya girişin bloklana biləcəyi ilə bağlı açıqlamasına da aydınlıq gətirib. Veran qeyd edib ki, bu kontekstdə bəzi platformaların məkan hesabatı kimi funksiyaları dayandırıla bilər.
Aksiyalar zamanı saxlanılan şəxslərdən 366-nın həbs edildiyini bildirən Veran, saxlanılanlar arasında yaşı 18-dən az olan uşaqların da olmasına diqqət çəkib. O, gənclərin böyük bir hissəsinin yönünü itirdiyini və Baş nazir Elisabeth Bornenin dağıdılan hər şeyi gecikdirmədən bərpa etmək üçün göstəriş verdiyini deyib.